Georgi Nikolov: “Anji” Mahir Şükürovdan imtina etsə...
14.01.2010 - 12:25
Georgi Nikolov: “Anji” Mahir Şükürovdan imtina etsə...
“Mahir Şükürovun “Anji” ilə müqavilə bağlamasını biz də səbirsizliklə gözləyirik. Ancaq dünənə kimi rəsmi anlaşma yox idi. Məncə, Mahirin məsələsinə bu günlərdə tam aydınlıq gəlməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Milli komandamızın da üzvü olan 28 yaşlı Mahir Şükürovun “Anji”yə keçidinə razılıq verən “İnter” məsələni rəhbərlik səviyyəsində həll edib. Bundan sonra futbolçunun özü ilə danışıb, transferə son nöqtə qoymaq lazımdır ki, məhz bu məsələ yubanır: “Biz keçidə razılıq verəndən sonra futbolçunun “Anji”nin düşərgəsinə yollanıb, orada tibbi müayinədən keçməli, tanışlıq prosesindən sonra rəhbərliklə danışması lazım idi. Ola bilsin ki, məsələ Şükürovun şəxsi müqaviləsinin detalları ilə bağlı qalır. Yaxud başqa səbəb var, mən bunu dəqiq deyə bilmirəm. Hər halda, bizdən asılı məsələlər həll olunub. Futbolçu ilə yeni klubunun öz aralarında razılığa gəlməsi qalıb ki, bunun üçün “Anji”nin prezidentinin Türkiyəyə gəlməsini gözləyirdilər”.

Nikolov həmçinin bildirib ki, “Anji”nin Şükürovdan son anda imtina edəcəyini real saymır: “Hər halda, komandanın baş məşqçisi Omari Tetradze Mahiri israrla istəyirdi. Klub rəhbərliyi də transferə razılığı verdikdən sonra keçidin rəsmiləşməsi nəzərdə tutulmuşdu. Lap futbolçumuzdan son anda imtina etsələr, bu haqda bizə rəsmi məlumat verilməlidir. Məncə, məsələ bu səviyyəyə gəlib çıxmaz. “Anji”nin rəhbərliyi bizə vəd edib ki, Mahirin keçidinə yanvarın 20-nə kimi son qoymalıdır. Belə demək olar ki, aramızda centlmensayağı razılıq olub. Buna əsasən Mahaçqala klubu məsələni tam rəsmiləşəndən sonra Mahirə görə bank hesabımıza müəyyən məbləği köçürməli və bundan sonra futbolçunun transfer vərəqini göndərməliyik”.
0