Bakılılarla “Birlik kuboku”na ikinci səfər: dəyişən nədir?
21.01.2010 - 17:43
Bakılılarla “Birlik kuboku”na ikinci səfər: dəyişən nədir?
On illik jurnalist karyeramda ikinci dəfə “Birlik kuboku”nu işıqlandırmaq üçün ezam olunmuşdum. Hər ikisi də qarlı-şaxtalı Moskvaya, Bakı klublarının oyunlarına. 2006-cı ildə “Futbol+” qəzetinin müxbiri kimi “Neftçi”nin Rusiya paytaxtında tarixi uğuruna canlı şahid olan iki azərbaycanlı jurnalistdən biri olmaq mənə nəsib olmuşdu. Ümid edirdim ki, apasport.az saytının müxbiri kimi də “Bakı” ilə kubokla birgə Bakıya dönəcəyəm. “Aktobe” nə qədər arzuolunmaz rəqib olsa da, 2005-ci ildən başlayan ən azı qrupdan çıxmaqla uğurlu tendensiyanın davam edəcəyini gözləyirdim. Ancaq...

“Birlik kuboku”na marağın ildən-ilə azaldılması, təşkilatçılığın aşağı səviyyədə olması haqda çox eşitsəm də, bu dəfə ona canlı şahid oldum. Oyunlar keçirildiyi arenalarda həmin ab-havanın olmamağı, tribunalarda çox yerlərin boş olması, “Dinamo”nun manejinə gələnləri buraxmayan təşkilatçıların bizlərə oyuna az qalmış damda qarı təmizlədiklərini demələri və s...

Bütün bunlara rəğmən, “Bakı” Moskvaya kuboku almaq iddiası ilə gəlmişdi. Ancaq ona gedən yolda ilk növbədə qrupdan çıxmaq vəzifəsini yerinə yetirmək lazım idi ki, buna nail olmaq mümkün olmadı. Halbuki bunun üçün son turda “Aktobe” ilə görüşdə heç-heçə də yetərli idi. Ancaq son tur öncəsi qrup lideri olan “Bakı” sonda mübarizəni 3-cü yerdə bitirməklə vaxtından əvvəl vətənə dönməli oldu. Ən üzücü olan da rəhbərliyin komanda üçün yaratdığı yaxşı şəraitin müqabilində bunun nəticəsini görməmək idi. İndi buna üzülməyib, nə edəsən...

Məlum olduğu kimi, futbolda qələbə qazanmaq üçün ilk növbədə qol vurmaq lazımdır. “Bakı” isə 1/4 finala çıxmaq uğrunda əsas rəqibləri olan Finlandiyanın HİK və Qazaxıstanın “Aktobe” klublarını nəinki yenə bilmədi, onlara qol da vura bilmədi. Çoxsaylı hücumları məntiqi sonluqla başa çatdıran futbolçu olmadı. “Bakı”nın cari mövsümdə bombardiri olan Jaba bəslənilən ümidləri doğrultmadı. Braziliyalı hücumçu hətta Tacikistanın “Vaxş” klubuna penalti zərbəsindən də qol vura bilmədi. “Bakı”nın turnirdə qol vuran futbolçuları – braziliyalı Fabio Luis Ramimlə Hacı Əhmədov elə ilk oyundan sonra ehtiyata göndərildi. Halbuki klubun öz yetirmələrindən sayılan gənc, perspektivli, bir oyunla diqqət mərkəzinə düşən Hacı Əhmədova sonradan da şans vermək olardı. Milli komandamızın da üzvü olan Ramim meydanda olduğu vaxtda ən azı təhlükəli zərbələri ilə seçilir. Ancaq üç oyunun ikisində iştirak edən Fabio ümumilikdə 105 dəqiqə meydanda oldu.

Təəssüf ki, “Bakı”nın hələ avrokuboklardan müdafiə xəttində olan səhvlər, iki qol buraxmaq yenə özünü göstərdi. Düzdür, üç oyuna iki qol buraxmaq pis göstərici sayılmamalıdır. Ancaq “Aktobe” ilə həlledici görüşdə qapımıza vurulan qollar zamanı müdafiədəki xətalar, mövqe səhvləri bağışlanmaz idi. Korkmazın gəlişindən sonra “Bakı”nın əsas qapıçısı olan Marko Şarliya kobud səhvlər buraxmasa da, hər halda, komandasını qollardan xilas edə bilmədi. Uzun müddət xorvat həmkarını ehtiyatda saxlayan “Bakı”nın kapitanı Xalidu Sissoko isə indi özü həmin vəziyyətdir. Ehtiyat oyunçular skamyasından Şarliyanın çıxışını izləməyə məcbur olan seneqallı baş məşqçisinin güvənini qazana bilmir. Xalidunun həlledici oyunlarda Markodan zəif oynayacağını isə heç kim əminliklə söyləyə bilməz.

“Bakı”nın turnirdə əsas problemlərdən biri heyətdə çoxlu rotasiyalar oldu. Korkmazın hər üç görüşdə heyətdəki dəyişiklər etməsi öz sözünü dedi. Təsəvvür edin ki, “Bakı”nın turnirdə hər üç oyununda iştirak edənlərdən heç biri sonadək meydanda olmadı. Düzdür, “Birlik kuboku”nun hazırlığın bir mərhələsi olduğunu nəzərə alsaq, burada bütün futbolçuları sınaq, iş başında görmək lazımdır. Ancaq qarşıya nəticə qoyulubsa, yəni “Birlik kuboku”nun qazanmaq istəyiriksə, burada heyətdə çoxsaylı dəyişiklərin yeri yox idi. Bunun da acı nəticəsini gördük. Bu baxımdan “Aktobe” nümunəsini qeyd etmək olar. Uzun müddətdir sabit, “oturulmuş” heyəti olan Qazaxıstan çempionu bunun bəhrəsini görür. Artıq yarımfinalda olan “Aktobe” “Birlik kuboku”nun yeni qalibi olmağa əsas namizəddir. Üstəlik, heyətdə yeni futbolçular olanda meydanda bir-biri ilə anlaşmaq üçün bir heyətin daha çox oynaması əsas şərtlərdəndir. Ancaq əfsuslar olsun ki, yeni transferlər də ümidləri doğrultmadı. Adriano ilə Venyo ilk növbədə bir braziliyalı kimi öz oyunları ilə seçilmədi, türkiyəli Gürşad Duymuş keçilməz müdafiəçi olmadı, həm yarımmüdafiənin mərkəzində, həm də solunda oynayan, hər üç görüşdə iştirak edən hollandiyalı Adnan Bərəkət isə onlarla nisbətdə müsbət mənada fərqləndi. Şəxsən mənim üçün Əziz Quliyevin oyunu daha xoş təsir bağışladı. Düzdür, olimpiya yığmamızın 23 yaşlı futbolçunun gənc, təcrübəsiz olması ilə əlaqədar səhvləri də olurdu. Ancaq Əziz ən azı iki fərqli funksiyasını yerinə yetirməsi ilə diqqətimi cəlb etdi. Yəni “Karvan”da dağıdıcı funksiyadan sonra “Bakı”ya yaradıcı oyun nümayiş etdirmək heç də asan məsələ deyil.

“Bakı”nın turnir erkən vidalaşması nəticə baxımından nə qədər pis olsa da, mövsümə daha tez təlim-məşq toplanışına başlamağa imkan yaradır. Həqiqətən də indiki vəziyyətdə əsas budur. Onsuz da “Birlik kuboku” qazanılsaydı belə, bu, ölkə daxilindəki titullardan yuxarı tutulmayacaqdır. Hər bir iddialı komanda mövsüm öncəsi ölkə çempionluğu, ölkə kubokunu qazanmağı hədəfə alıb. Təbii ki, “Bakı” da bu sıradadır və böyük ümidlərlə dəvət olunan Korkmaz Moskvadakı uğursuzluğu daxili yarışlarda, avrokuboklarda uğurlu çıxışla unutdurmalıdır. Çempionluq qazanmaq üçün ilk növbədə “altlığ”a düşməyi rəsmiləşdirmək lazımdır. Qızıl medal qazanmaq asan olmasa da, hər halda, mükafatçı olmaq realdır. 1/4 finalda autsayder “Standard”a rəqib olan “Bakı”nın ölkə kubokuna sahib çıxması isə öz əlindədir. Avrokuboklara vəsiqə qazanana kimi isə heyətdəki yeni futbolçulara uyğunlaşmağa, digər problemləri həll etməyə kifayət qədər vaxt olacaq...

Mehman SÜLEYMANOV
0