“Andrey Şevçenko “Milan”da azərbaycanlıları müdafiə edirdi” - MÜSAHİBƏ
22.01.2010 - 16:10
“Andrey Şevçenko “Milan”da azərbaycanlıları müdafiə edirdi” - MÜSAHİBƏ
Kiyevin “Dinamo” klubunun baş direktoru Rezo Çoxonelidzenin apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Azərbaycan futbolu haqda hansı xatirələriniz var?
- Hamı bilirdi ki, Azərbaycan futbolunun özünəməxsus xüsusiyyəti var. Bu, xalqınızın, mədəniyyətinizin xarakterinə uyğundur. Qafqaz komandalarının öz oyun dəst-xətti var idi. Onlar texnikalı, “partlayış”lı oynayırdı. Ötən illərdə oynamış futbolçular buna uyğun adət-ənənələrlə tərbiyələnirdilər. Bu, çox maraqlı futbol idi. Həmin illərdə Azərbaycanın bir nömrəli komandası olan “Neftçi” indi Çempionlar Liqasının qrup mərhələsində iştirak edər, “Milan”, “Real”, “Barselona” kimi güclü klublardan geri qalmazdı.

- Siz həqiqətən belə düşünürsünüz, yoxsa bunu komandamızın ünvanına kompliment kimi qəbul etmək olar?
- Mən bunu ciddi deyirəm. Bu reallıqdır. Anatoli Banişevski, Kazbek Tuayev, Vladimir Bruxti, Nikolay Smolnikov kimi futbolçular təkcə Azərbaycanın yox, bütün SSRİ-nin, onun yığma komandasının aparıcı futbolçuları idi.

- Elə isə “Neftçi”nin bircə dəfə də olsun SSRİ çempionluğunu qazanmamasını, yalnız 1966-cı ilin bürünc medalı ilə kifayətlənməsini nə ilə izah edə bilərsiniz?
- Bu, güclü rəqiblərinin olması ilə bağlıdır. Fikir verin, çempionluq uğrunda hansı komandalar mübarizə aparırdı – Moskvanın, Kiyevin, Minskin, Tiflisin “Dinamo”, Leninqradın “Zenit”, Moskvanın “Spartak” klubu və s. Həmin vaxt 3-cü yeri tutmaq elə bil ki, 1-ci olmaq demək idi. Onu da nəzərə alaq ki, həmin vaxt bütün respublika bir komandaya işləyirdi. İndi səhv etmirəmsə, çempionatınızda 12 komanda iştirak edir. Ancaq bir komandanız olsaydı, hamı onun üçün çalışacaqdı.

- Bildiyimə görə, yaxın münasibətləriniz Nikolay Smolnikovla olub. SSRİ yığmasındakı keçmiş komanda yoldaşınızı necə xatırlayırsınız?
- Smolnikov çox istedadlı futbolçu idi. Onun həm texniki, taktiki, həm də funksional hazırlığı çox yüksək səviyyədə idi. Nəticədə Nikolay öz səviyyəsinə görə digər futbolçulardan seçilirdi. Onun oyun üslubu, məsələn, Vitali Şevçenkodan tam fərqlənirdi. Şevçenko “partlayışlı” oyun göstərirdisə, Smolnikov meydanda işgüzarlığı ilə yadda qalır. Nikolay “qara işi” görməklə yanaşı, onu məntiqi sonluqla başa çatdıra bilirdi. Bizi 1963-cü ildə Mingəçevirdə SSRİ-nin yeniyetmələr yığmasına seçdilər. Onunla həmin vaxt tanış olub, 16-17 yaşına qədər bir yerdə oynamışıq. Smolnikovla birgə yeniyetmələr arasında Avropa çempionu olduq.

- İndiki Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?
- Milli komandanızın son oyunlarını, Rusiya ilə görüşü izləmişəm. Hiss olunur ki, artıq heç bir komanda Bakıya asan qələbə qazanmağa gəlmir. Buna nail olmaq çox çətinləşib. Futbolunuz irəliləyir, inkişafa nail olmaq üçün vaxt lazımdır. Çünki SSRİ dağılandan sonra bütün futbol məktəbləri bağlanıb. Bir müddət işsiz qalan məşqçilər indi bu sahədə çalışaraq ailələrini dolandırırlar.

- Futbolçularınızdan konkret kimləri tanıyırsınız?
- Üzr istəyirəm, indi hamısının adını xatırlaya bilməyəcəyəm. Baxdığım bütün oyunçular faktiki olaraq Azərbaycan futbolunun yetirmələri sayılır. Sadəcə, indi adlarını çəkmək mənim üçün çətindir.

- Bəs ölkəmizdə çıxış edən gürcü futbolçularından, yəni həmyerlilərinizdən kimi tanıyırsınız?
- Heç kimi. Çünki mən uzaqda, İtaliyanın “Milan” klubunda çalışmışam, İtaliya vətəndaşıyam və ölkənizdəkilərin arxasınca düşmək mənim üçün çətin idi.

- “Milan”la işbirliyiniz haqda fikirlərinizi bilmək maraqlıdır. Bildiyimə görə, ukraynalı Andrey Şevçenko, həmyerliniz Kaxa Kaladze sizin vasitəçiliyinizlə vaxtilə “Milan”a transfer olub...
- “Milan”da Şərqi Avropa, Yaxın Şərq üzrə kurator idim, orada futbolçuları nəzərdən keçirirdim. Çempionlar Liqası, UEFA kubokunda oynamağa layiq futbolçuları diqqətimdə saxlayırdım. Mən bu işlərə əsas rəhbərlik edən şəxslərdən idim. Şevçenko, Kaladze, belaruslu Vitali Kutuzov, italyan Cennaro Qattuzo, braziliyalı Serjinyo “Milan”a mənim vaxtımda transfer olundu. Hər birimizin öz vəzifələri vardı. Məsələn, biz Şevçenkoya iki il baxdıq. Çünki futbolçunu alanda gərək səhv etməyəsən. Şevçenkoya görə 24 milyon dollar xərcləyirsən və birdən məlum olur ki, o, həmin səviyyədə futbolçu deyil. Yəni Andreyin səviyyəsi “Milan”a layiq deyil – belə transfer etmək olmaz. Gərək diqqətlə işləyib, kimik nöqsan da buraxmayasan.

- Məgər Şevçenko “Milan” səviyyəsində futbolçu deyildi?
- Əksinə, həmin vaxt o, karyerasının zirvəsində idi. Cəmi 23 yaşı vardı, çox perspektivli futbolçu idi. “Real, “Barselona” kimi klublara qol vurmuşdu. Çempionlar Liqasında “Barselona” ilə “Nou Kamp” stadionundakı oyunda (4:0) het-trik etmişdi. Sadəcə, Şevçenkonun müəyyən səviyyəyə çatması üçün çox işləməli olduq. Eyni sözləri Kaladze haqda da deyə bilərəm. Onun transferinə görə 15 milyon dollara yaxın pul xərcləməli olduq.

- Tarix göstərdi ki, Şevçenkonun 2006-cı ildə Londonun “Çelsi” klubuna keçidi səhv addım idi. Siz də düşünürsünüz ki, Andrey həyat yoldaşının sözünə qulaq asmamalı idi?
- Əlbəttə, onun ailəsi vardı. “Milan”ın prezidenti Silvio Berluskoni çox sevdiyi Şevçenkonun qalmasını istəyirdi. Onunla bu haqda söhbəti olmuşdu. Ancaq o, eyni zamanda yaxşı başa düşürdü ki, futbolçu üçün ailəsi də vacib idi, həyat yoldaşı ABŞ-da, Vaşinqton şəhərində idi. Andreyin həyat yoldaşı uşaqlarının ingilis dilində böyüməsini, təhsil almasını istəyirdi. Ailədə Ukrayna, italyan dilində da danışılırdı. Sözsüz ki, ailə maraqlarını da nəzərə almaq lazımdır. “Milan”ın prezidenti deyirdi ki, həmişə birinci ailə, ikinci futboldur.

- Maraqlıdır, Şevçenko Azərbaycan haqda nə fikirdədir? “Milan”da olduğu müddətdə heç ölkəmiz haqda söz düşübmü?
- Bəli. Bu, Kaladzeyə də aiddir. Çünki onlar yeniyetmə olanda SSRİ dövründə futbolçularınızla bir yerdə oynayıblar. Yəni Azərbaycana komandaları Ukraynaya gəlirdi, yaxud əksinə olurdu. Həmin vaxt SSRİ-nin dağılan ərəfəsi idi və bu üzdən sonra birgə ola bilmədilər. Əlbəttə, Şevçenko Azərbaycan haqda müsbət fikirdədir. O, çox qürurlu insandır. Andrey “Milan”da bütün hamını, təkcə azərbaycanlıları yox, digər postsovet məkanı təmsilçilərini də müdafiə edirdi. O, italyanlara izah edirdi ki, Bakı Genuya şəhəri kimidir. Bu şəhər Aralıq, Bakı isə Xəzər dənizinin sahilində yerləşir.

- Bəs italyanların, “Milan”dakıların Azərbaycan, futbolumuz haqda məlumatları varmı?
- Təbii ki, var. UEFA tədbirlərində bütün klub rəhbərləri bir yerdə olurlar. Futbol dairələrində olan insanlar Azərbaycan futbolunu çox yaxşı bilir, başa düşürlər. Azərbaycan klubları, yığmaları da həmişə öz bayrağı altında yarışlarda iştirak edirlər.

- “Milan”la indiki fəaliyyətiniz necədir?
- Mən Kiyevə razılaşmaya əsasən gəlmişəm. Həmin müqavilədə burada “Milan” kimi böyel klubun qurulmasına yardımçı olmağım nəzərdə tutulub. İki il işlədikdən sonra geri dönüb, yenidən “Milan”da çalışacağam.

- Yəqin ki, sahənizə daxil olan yerlərdən futbolçuları nəzərdən keçirərkən azərbaycanlı oyunçulara elə də diqqət yetirmirdiniz? Hər halda, futbolçularımızın “Milan”a keçidi real deyil...
- Niyə ki? Sadəcə, SSRİ-nin dağılması çoxlarını geri saldı. Elə həmin Şevçenko də SSRİ-nin yetirməsi idi. Azərbaycanlı futbolçular Avropa miqyaslı yarışlarda, Rusiyada, postsovet məkanında oynayır.

- Ancaq belə legionerlərimizin sayı çox azdır. Milli komandamızın hücumçusu Vaqif Cavadov yenicə Hollandiyanın “Tvente” klubuna keçib...
- O, düz edib. Bir nəfər yolu açır, digərləri də onun dalınca gələcək, həmin yolla gedəcək. Şevçenko İtaliyada Ukrayna bayrağını nümayiş etdirdi. Elə sizin oyunçu da Hollandiyada belə olacaq, Azərbaycanın necə olduğunu oradakılara anladacaq.

- Siz keçmiş postsovet məkanından, elə bizimkilərdən kimisə gələcəkdə “Milan”a tövsiyə edə bilərsiniz?
- Əlbəttə. Niyə də yox? Biz hamısına baxarıq. Mənim üçün azərbaycanlı futbolçuların “Milan”da, İtaliyanın digər klublarında - “İnter”, “Yuventus, “Latsio”, “Roma” kimi klublarda yer alması qürurverici olardı.

- Bizim “İnter” klubu “Milan”la uşaq futbolu yönündə əməkdaşlıq edir. Franko Barezi, Daniele Massaro kimi ötənlərin məşhur futbolçuları bu məqsədlə Bakıya səfər etmişdilər...
- UEFA da bu yöndə belə seminarlar, görüşlər təşkil edir. Klublarda da marketinq, maliyyə və digər departamentlər olur. Uşaq futbolu tam fərqli sahədir və klublarda buna məsul şəxslər çalışırlar. Mən heç vaxt bu sahədə çalışmamışam. Həmişə əsas komandalar, Çempionlar Liqası, UEFA kuboku səviyyəsində işləmişəm. Ancaq “Milan”ın rəsmilərinin Bakıya gəlişi haqda eşitmişəm. Komandanın hazırkı baş məşqçisi Leonardo çox aktual insandır. Braziliyalı vaxtilə klubda marketinq departamentində çalışıb. Niyə azərbaycanlı məşqçilər də “Milan”da, yaxud İspaniyada, Hollandiyada işləməsin ki? Hər şey ondan asılıdır ki, Azərbaycan futbolu böyük uğurlar, yaxşı nəticələr qazansın. Həmin vaxt belə yüksək dəvətlər də olacaq.
0