Azərbaycan millisinin sabiq futbolçusu “Metallurq”da!
26.01.2010 - 12:23
Azərbaycan millisinin sabiq futbolçusu “Metallurq”da!
Azərbaycan milli komandasının sabiq futbolçusu Elvin Nuriyev karyerasını Ukraynada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada çıxış edən Donetskin “Metallurq” klubuna keçir.

Milli komandamızın il yarım öncə Türkiyə yığması ilə yoldaşlıq görüşündə ayağı qırılan Elvin bu səbəbdən indiyə kimi yaşıl meydanda kənarda qalmalı olub. Bir vaxtlar perspektivli futbolçu sayılan Nuriyev müalicə və bərpa dövrünü tam başa vurub. Yay tətilində Qara dəniz sahilində istirahət edən Nuriyevlə "Metallist”, "Çernomorets", "Tavriya" və digər Ukrayna klubları maraqlanıb. Ancaq Elvinin meneceri ilə Donetsk "Metallurq"u arasında danışıqların ilkin mərhələsi uğurla yekunlaşdığından, futbolçu karyerasını bu klubda davam etdirməyə hazırlaşır.

Nuriyev bu gün səhər hazırda Antalyada təlim məşq toplanışında olan komandanın sıralarına qatılıb: "Bu, futbol həyatımda ikinci nəfəsdir. Sanki yenidən doğulmuşam. Ayağım sındıqdan sonra bir daha geri dönməyəcəyimi düşünürdüm. Bir çox maddi və mənəvi problemlərlə üzləşdim. Amma Allaha şükürlər olsun ki, artıq tam sağalmışam. Azərbaycan futbolunu Ukraynada layiqincə təmsil edəcəyimi düşünürəm. Qısa zaman ərzində milli komandamıza dəvət alacağıma, layiq futbol nümayiş etdirəcəyimə əminəm".

Qeyd ki, Elvin vaxtilə "Şəfa", “MKT-Araz”, "Karat", "Gənclərbirliyi", "İnter", "Bakı" klublarının heyətlərində çıxış edib. Milli çempionatımızda 96 oyunda 24 qol vuran Nuriyev "Şəfa" futbol klubunun yetirməsidir, ilk baş məşqçisi Əsgər Abdullayevdir. Onun yeni komandası isə hazırda turnir cədvəlində 5-ci yerdə gedir. Donetskliləri ölkə kubokunda UEFA kubokunun hazırkı sahibi, həmşəhərliləri "Şaxtyor"la çətin yarımfinal sınağı gözləyir.
0