“Hətta final fitinə 12 saniyə qalanda da inamımı itirməmişdim”
26.01.2010 - 13:16
“Hətta final fitinə 12 saniyə qalanda da inamımı itirməmişdim”
“Möhtəşəm idi! Mən yığmadakı və “Araz” klubundakı həmkarlarıma həmişə deyirəm ki, qorxmaq və öz gücünə şübhə etmək lazım deyil”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Nilson Maşado deyib.

Braziliyalı oyunçu vurğulayıb ki, milli komandamızın Macarıstanda keçirilən Avropa çempionatında qazandığı uğur təsadüfi sayıla bilməz: “Bəlkə də çoxları bilmir, amma mən, Serjio, Sergey Çuykov və başqaları manejdə, trenajor zalında dayanmadan məşq edirdik. Məhz belə vəziyyətlər üçün hazırlaşırdıq”.

1/4 finalda Ukrayna ilə gərgin görüş haqda fikirlərini bölüşən 37 yaşlı futzalçı qələbəyə şübhə etmədiyini söyləyib: “Hətta matçın başa çatmasına 12 saniyə qalmış qapımıza 10 metrlik cərimə təyin olunanda da inamımı itirməmişdim. Həmin vaxt uşaqlara söylədim ki, toparlanın, əgər qol olsa, 12 saniyə ərzində hesabı bərabərləşdirəcəyik. İndi Azərbaycan yığması Avropa futzalının elitasındadır. İl yarım öncə Azərbaycana gələndə, mənim məqsədim bu idi”.

Maşadonun fikrincə, yarımfinalda çıxış edəcək hər 4 komandanın çempion olmaq şansı var: “Kimsə düşünə bilər ki, hansısa komanda zəifdir, bunu seçək. Lakin unutmaq lazım deyil ki, burada seçim imkanı və zəif rəqib yoxdur”.
0