Futzal yığmamız Faiq Qarayevin rekordunu qıra biləcəkmi?
26.01.2010 - 13:21
Futzal yığmamız Faiq Qarayevin rekordunu qıra biləcəkmi?
Futzal üzrə Azərbaycanın yığma komandası qadın voleybolçularımızın rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu futzal yığmamız Macarıstanda təşkil olunan Avropa çempionatının final mərhələsində tarix yazaraq, yarımfinala çıxıb.

Komanda idman növlərində ən böyük uğurumuz olan buna ilk dəfə 2005-ci ildə qadın voleybol yığmamız nail olub. Faiq Qarayevin baş məşqçisi olduğu milli komandamız Xorvatiyada keçirilən qitə birinciliyinin final mərhələsində 4-cü olub. Yeri gəlmişkən, həmin vaxt Avropa çempionu Polşa olub, gümüş və bürünc medalları müvafiq olaraq İtaliya və Rusiya qazanıb. Qadın voleybolçularımız bundan sonra da AÇ-nin həlledici mərhələsinə çıxsa da, 2007 və 2009-cu illərdə mübarizəni yalnız 12-ci yerdə başa vurub. Dünya çempionatının final mərhələsinə iki dəfə çıxış edən Qarayevin komandası 1994-cü ildə 9-cu, 2006-cı ildə 13-cü olub.

İndi futzalçılar zərif cinsin nümayəndələrinin nəticəsini yaxşılaşdırmaq imkanı qazanıb. Hər halda, yarımfinalda rəqibimiz çempionluğa əsas namizədlər olan İspaniya, yaxud Rusiya yox, Portuqaliya və ya Serbiyadan biri olacaq. Bunlardan Portuqaliya bizə çox tanış rəqibdir. Belə ki, futzal yığmamız final mərhələsinə çıxmaq üçün son seçmə mərhələni bu ölkədə keçirərək, meydan sahiblərinə uduzmayıb – 4:4. Yanvarın 28-də yarımfinalda yenilsək belə, turnir bizim üçün başa çatmır. Belə ki, bundan iki gün sonra final oyunundan əvvəl 3-cü yer uğrunda görüş olacaq. Artıq ora vəsiqə qazanan futzalçılarımız ən azı AÇ-nin bürünc medalını qazanmaqla, komanda idman növlərində ən böyük uğurumuza imza atacaq.

Qeyd edək ki, otüstü hokkey üzrə qadınlardan ibarət yığmamız da AÇ-nin final mərhələsinə çıxsa da, ən yaxşı 4 komanda arasına düşə bilməyib.
0