“Xəzər-Lənkəran”ın futbolçusu Useyn Boltla müqayisə olundu
26.01.2010 - 13:56
“Xəzər-Lənkəran”ın futbolçusu Useyn Boltla müqayisə olundu
“Xəzər-Lənkəran” klubunun futbolçusu dünyanın ən sürətli idmançısı olan Useyn Boltla müqayisə olunub. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin Türkiyənin Antalya şəhərində hazırlıq prosesində Moskvanın “Spartak” klubu ilə keçirdiyi yoxlama oyunu (1:3) rusların müzakirəsində qalmaqda davam edir.

Həmin görüşdə son qolun müəllifi olan Velliton “Spartak”ın əsas “qol silahı” sayılır. Ötən mövsüm Rusiya Premyer Liqasının bombardiri olan braziliyalı hücumçu oyunun 3-cü uzatma dəqiqəsində Dmitri Kramarenkonun qoruduğu qapıya yol tapıb. Rus həmkarımız Vellitonun oyununu şərh edən zamanı adını açıqlamadığı “Xəzər-Lənkəran”ın müdafiəçisi ilə bağlı maraqlı müqayisə aparıb: “Xəzər-Lənkəran”la oyunda bir epizodda Velliton topu qabağa ataraq, sürətlə dalınca qaçdı. Hücumçu 15 metrdə ondan irəli olan rəqib müdafiəçini keçərək, onu 3 metr qabaqladı. Aydın məsələdir ki, braziliyalının qarşısındakı Useyn Bolt deyildi. Ancaq həmin rəqib pivə zavodunun direktoru da yox, Azərbaycan çempionatının yüksək liqasından olan tam məşq etmiş futbolçu idi”.

Qeyd edək ki, Bolt qısa məsafələrə qaçışda dünya rekorduna imza atıb. 2008-ci ildə Pekin Olimpiadasının qalibi olan 24 yaşlı yamaykalı atlet bundan bir il sonra dünya çempionluğunu qazanıb.
0