Diniyevin sələfi Foqts və Azərbaycan klublarına ağız büzdü
26.01.2010 - 15:20
Diniyevin sələfi Foqts və Azərbaycan klublarına ağız büzdü
Tanınmış ukraynalı mütəxəssis Vyaçeslav Qroznı Azərbaycan futboluna yuxarıdan aşağı baxır. Apasport.az saytının məlumatına görə, son iş yeri Qroznının “Terek” klubu olan təcrübəli çalışdırıcı milli komandalarda əcnəbi məşqçi praktikasını uğurlu saymır.

Bununla bağlı ölkəsinin mətbuatına fikirlərini bildirən Qroznı yığmamızın alman çalışdırıcı Berti Foqtsu nümunə göstərib: “Əgər 2010-cu il dünya çempionatının seçmə mərhələsində əcnəbi məşqçilərin işini təhlil etsək, belə qənaətə gələrik ki, İngiltərə yığmasını uğurla çalışdıran Fabio Kapello və İrlandiya milli komandasında çox layiqli işləmiş Covanni Trapattonidən başqa heç bir legioner uğur qazana bilmədi. Hətta qüdrətli Qus Hiddink də Rusiya yığmasında son nəticəni əldə edə bilmədi. Bosniya və Herseqovina milli komandası heç də pis futbol nümayiş etdirməsə də, Miroslav Blajeviç Çinə yollanandan sonra heç yerə çıxa bilmədi. Bəs güclü alman mütəxəssislər olan Berti Foqtsla Klaus Topmöller müvafiq olaraq Azərbaycan və Gürcüstanda nəyə nail oldu?”

54 yaşlı Qroznı Azərbaycanda klublarında çalışan həmkarlarına da ağız büzüb: “Niyə biz həmişə futbolçular haqda danışırıq? Gəlin sayaq görək ki, güclü xarici çempionatlarda Ukraynadan olan neçə məşqçi çalışır? Biz Belarus, Azərbaycan, Qazaxıstan klublarını çalışdırmaqla kifayətlənirik. Bəli, Protasovla Bloxin Yunanıstanda, Qroznı isə Bolqarıstanda işləyib. Ancaq bunlar mütəxəssislərimizin səviyyəsini əməlli-başlı artıra biləcəyi ölkələr deyil. Biz Belçikada, Hollandiyada, hətta Rumıniyada yoxuq”.

Qeyd edək ki, Qroznı ötən mövsümün sonuna yaxın “Terek”in baş məşqçi postundan istefa verdikdən sonra işsizdir. Həmin vaxt onu mövsümün axırına kimi buna qədər “Terek”in gənclərdən ibarət komandasını çalışdırmış Şahin Diniyev əvəzləyib. Göründüyü kimi, Diniyevin sələfi olan Qroznı futbolumuz haqda heç də yüksək fikirdə deyil.
0