Qar “Bakı”nın planlarını pozmadı
26.01.2010 - 15:57
Qar “Bakı”nın planlarını pozmadı
Azərbaycanda bu il yağan ilk qar “Bakı” klubunun planlarını pozmayıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son ölkə çempionunun Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Turan”la ev oyununa hazırlıq prosesində dəyişiklik olmayıb.

“Bakı” bu gün yeganə məşqini Biləcəri qəsəbəsindəki təlim-məşq mərkəzində keçirib. Bu məkan klubun xeyli vaxtdır inşası ilə məşğul olduğu bazasıdır. Hələ “Birlik kuboku”nun oyunlarının keçirildiyi Moskvada zədə alan moldovalı müdafiəçi Aleksey Savinov artıq sağalıb. Amma digər müdafiəçi Rafael Əmirbəyovda bu problem qalmaqdadır. Komandanın 34 yaşlı kapitanı hələlik fərdi proqramla çalışır.

İstanbulda “Acıbadəm” klinikasında çiynindən cərrahiyyə əməliyyatı olunan Əhməd Ticaninin durumu fərqlidir. Nigeriyalı hücumçu Türkiyə toplanışında aldığı zədəyə görə iki ay oynaya bilməyəcək.

Qeyd edək ki, fevralın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Turan” görüşü saat 14:00-da başlayacaq.
0