“Kocaelispor”la yox, Superliqa klubu ilə danışığa gedirəm” - MÜSAHİBƏ
27.01.2010 - 18:49
“Kocaelispor”la yox, Superliqa klubu ilə danışığa gedirəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Türkiyədə oynamaqla bağlı variantınız nə yerdədir?
- Məsələ həll olunmaq üzrədir. Artıq səfərə çıxmışam, hava limanındayam. Türkiyəyə son danışıqlara gedirəm.

- Məsələ böyük ölçüdə həll olunub?
- Belə demək olar. Həmin komanda məni transfer etməkdə israrlıdır. Yalnız bəzi məsələləri razılaşdırmaq qalır.

- Hansı?
- Maliyyə ilə bağlı. Yəqin ki, bunda ortaq məxrəcə gələrik və bundan sonra rəsmi müqavilə imzalayaram.

- Yəni “Kocaelispor”la...
- Bunu kim deyir ki?

- Türkiyə mətbuatında bu haqda informasiyalar yer alıb. “Kocaelispor”un prezidenti Muammer Çelik də sizi transfer etmək istədiklərini təsdiqləyib və bir-iki günə məsələnizi həll edəcəklərini deyib...
- Onun haqqımda nə dediyini bilmirəm. Mənim bundan xəbərim yoxdur. Ancaq onu deyə bilərəm ki, mən “Kocaelispor”la danışıqlara getmirəm.

- Bu variant heç olmamışdı?
- Agentimlə əlaqə saxlasalar da , konkret söhbət olmamışdı.

- “Kocaelispor” çıxış etdiyi Türkiyənin birinci liqasında legionerlərə limit olsa da, qaydaya görə iki azərbaycanlı futbolçu oynamağına icazə verilir. Siz isə milliyətcə serb olsanız da, milli komandamızda oynamağınızdan, Azərbaycan vətəndaşlığını daşımağınızdan yararla bilərsiniz...
- “Kocaelispor”a keçmədiyim üçün bu güzəşt mənə aid deyil. Mən isə ümumiyyətlə, Türkiyənin birinci yox, Superliqasında oynamaq fikrindəyəm. Bildiyimə görə isə orada legionerlərə limit var və Azərbaycan pasportum olsa belə əcnəbi futbolçu sayılacağam. Elə həmin klubla da anlaşmaq üçün Türkiyəyə üz tutmuşam.

- Hansı klubla?
- Dostum, hələ bunu deyə bilmərəm. Sabah məsələm tam həll olunsun, ondan sonra açıqlama verərəm.

- Heç olmasa bilmək olar, həmin komanda ortababdır, yoxsa?
- Superliqada qalmaq uğrunda mübarizə aparır. Bu səbəbdən klubla uzun müddətli müqavilə bağlamaq fikrində deyiləm.

- Yəni qədər müddətə anlaşacaqsınız?
- Yəqin ki, yarım illik. Yəni yaya, cari mövsümün axırına qədər orda oynayıb, sonrasına baxarıq.

- Həmin Superliqa klubu sizi müqavilə ilə məxsus olduğunuz “Srvena Zvezda” klubundan altı aylığa icarəyə götürmək istəyir?
- Yox. Məni icarəyə götürmək yox, transfer hüquqlarıma sahib çıxmaq nəzərdə tutulub. Buna görə “Srvena Zvezda”ya müəyyən məbləğ ödəyib, məni birdəfəlik alacaqlar.

- Maraqlıdır, niyə məhz Türkiyəni seçdiniz?
- Mənim həqiqətən çoxsaylı təkliflərim var idi. Ancaq bütün bunlar məni bezdirdi. Avstriyaya, İsrailə, Yunanıstan, Kiprə və sair yerlərə çağırırdılar. Ancaq ortada konkret danışıq yox idi. Həmin komandadan isə birbaşa müqavilə bağlı konkret təklif gəldi. Baş məşqçisi məni sərəncamında görməyi çox istəyir. Yəqin ki, oyunum olan diskləri izləyib, məni bəyəniblər. Agentimlə vasitəsilə mənə təklif göndərdilər. Mən də buna müsbət cavab verdim. Hər halda, Türkiyə Superliqasıdır. Ümumiyyətlə, bu ölkə xoşuma gəlir, orada oynamaq istərdim. Üstəlik, maddi şərtlər də yaxşıdır.

- Azərbaycandan da?
- Bəli. Mənə Türkiyə Superliqasında Azərbaycanla müqayisədə çox pul təklif edirlər. Futbolçu üçün oynamaqla yanaşı, maddi məsələlər də önəm kəsb edir. Mən də götür-qoy edəndən sonra razılığımı verdim. Üzr istəyirəm, təyyarəyə minirəm, artıq danışa bilmərəm. Daha sonra Türkiyədə söhbətləşərik.
0