Ponomaryov Türkiyə kubokunda debüt etdi
28.01.2010 - 10:35
Ponomaryov Türkiyə kubokunda debüt etdi
Türkiyə kubokunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan mill komandasının sabiq futbolçusu Anatoli Ponomaryovun qonşu ölkədəki debütü də kubok qarşılaşmasında gerçəkləşib.

Bir müddət əvvəl aşağı dəstə təmsilçisi “Orduspor”a keçən 28 yaşlı hücumçu ilk dəfə bu klubun formasında meydana çıxıb. Məşhur “Avni Aker” stadionuna ayaq basan Ponomaryov “Trabzonspor”la görüşdə start heyətində meydana çıxıb. Komandasının 13 nömrəli formasını daşıyan, mərkəz hücumçusu funksiyasını yerinə yetirən həmyerlimiz 90 dəqiqə əvəzlənmədən mübarizə aparıb.

“Orduspor”un 1:2 hesabı ilə uduzduğu matçın 16-cı dəqiqəsində Anatoli qol vurmağa yaxın olub. Lakin onun təhlükəli zərbəsindən sonra trabzonluların qapıçısı Tolqa hesabın açılmasına imkan verməyib. Bununla belə, qonaqların hesabı açmasında həmyerlimizin rolu olub. 38-ci dəqiqədə Hakanın fərqləndiyi epizodda Ponomaryov arxasında olduğu Tolqanı çaşdırmaqla hesabın açılmasına şərait yaradıb. Türkiyə mətbuatı Ponomaryovun oyununu 4 balla qiymətləndirib.

Müqayisə üçün qeyd edək ki, “Orduspor”un qiymət alan 13 futbolçusundan 1-i 6, 2-si 5, Anatoli də daxil olmaqla 9-u 4, 1-i isə 3 bala layiq görülüb.
0