Fabio Luis Ramim 5 klubu şanslı sayır
29.01.2010 - 11:00
Fabio Luis Ramim 5 klubu şanslı sayır
“Çempionluq mübarizəsinin "İnter", "Xəzər-Lənkəran", "Neftçi", "Qarabağ" və "Bakı" arasında gedəcəyi daha ağlabatandır. Ancaq digər komandaları da unutmaq lazım deyil. Son mərhələdə hər şey komandaların durumundan asılı olacaq". Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın braziliyalı futbolçusu Fabio Luis Ramim klubun rəsmi saytına açıqlamasında deyib.

Milli komandamızın da şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi bu il ölkə çempionatının daha gərgin və maraqlı keçdiyini bildirib. Fabionun fikrincə, “altılıq”da yer alan komandaların hamısı medallar uğrunda mübarizə aparacaq: "Məncə, final mərhələsinə qatılan bütün komandaların (ilk altılıq nəzərdə tutulur) çempionluq şansları var. Daha yaxşı hazırlıq keçən və ortaya taktiki rəngarənglik qoymağı bacaran kollektiv qələbəyə daha yaxın olacaq. “Bakı” əla futbolçulardan təşkil olunub. İlk dövrəni də pis oynamadıq. Amma mənə elə gəlir ki, indi komandamız daha güclüdür. Heyətə yeni oyunçular dəvət olunub. Venyo çox təcrübəli futbolçudur, Adriano və Bərəkət də səviyyəli oyunçulardır. Komandamız istənilən vəzifənin öhdəsindən gəlməyə qadirdir”.

“Bakı” qış fasiləsindən sonra ilk oyununu fevralın 2-də evdə “Turan”la keçirəcək. Ramim qalan 5 görüşün hamısında qələbə qazanmağından vacibliyindən danışıb: “İlk olaraq "Turan"la oyunda qələbəni təmin edərək, 3 xalı qazanmalıyıq. Sonra isə "Neftçi" ilə çətin oyunumuz var. Rəqiblərə eyni gözlə baxırıq. Çempiona qarşı bütün komandalar var-gücü ilə oynayır”.

Qeyd edək ki, sön ölkə çempionu olan “Bakı” hazırda turnir cədvəlində 5-ci yerdədir.
0