“Brilyant top”a namizəd Bakıya gəlir
29.01.2010 - 11:18
“Brilyant top”a namizəd Bakıya gəlir
AFFA Azərbaycanda qadın futbolunun inkişafı üçün növbəti addım atıb. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, qurunla Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq çərçivəsində məşhur Renate Linqor Bakıya gələcək.

Dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı olan Linqorun səfəri ölkəmizdə qadın futbolunun təbliğinə xidmət edir. Futbol veteranı səfər çərçivəsində qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək. Linqor fevralın 1-dən 5-dək Bakıda baş tutacaq hazırlıqlar zamanı öz tövsiyələrini verəcək, həmçinin “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olacaq.

Qeyd edək ki, 36 yaşlı xanım “1. FFC Frankfurt” klubunda oynadığı vaxt 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. Milli komandada 2 dəfə dünya (2003, 2007), 2 dəfə Avropa (2001, 2005) çempionu olan Renate 2000 və 2004-cü illərdə Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə birlikdə dünyanın ən yaxşı qadın futbolçusuna verilən “Brilyant top”a namizədlərdən biri olub.
0