“Sanki kazinoda oturmuşduq”
29.01.2010 - 14:42
“Sanki kazinoda oturmuşduq”
“Hamı bizdən qələbə gözlədiyi halda, məğlubiyyətlə üzləşdik. Belə oyunlarda ələ düşən imkanlardan yararlanmaq vacibdir. Əks təqdirdə, rəqib səni cəzalandırır”. Bu sözləri apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan futzal yığmasının üzvü Nilson Maşado (Biro Jade) deyib.

37 yaşlı braziliyalı Avropa çempionatının yarımfinalında Portuqaliya ilə oyundan sonra fikirlərini bölüşüb. O, yığmamızın oyunsonrası penaltilər seriyasında uduzmasına (3:3, penaltilərlə 3:5) görə təəssüfləndiyini gizlətməyib: “Məsələni həll etmək üçün imkanımız var idi. Hesabda 2:1 öndə idik. Ancaq üstünlüyü əldən verdik. Hər bir futbolçu istənilən vaxt səhv edə bilər. Penaltilər isə lotereyaya bənzəyir. Sanki kazinoda oturmuşduq. Oyundan sonra bizdən heç kim ağlamadı. Penaltini vura bilməyən Tyaqu isə təbii ki, təsirlənmişdi”.

Sabah 3-cü yer uğrunda Çexiyaya qarşı keçiriləcək matça toxunan Maşado bildirib ki, psixoloji cəhətdən hazırlığa ehtiyac var: “Baş verənləri unutmaq lazımdır. Axı bizi bürünc medal uğrunda çexiyalılarla qarşılaşma gözləyir. Düzdür, iki sarı vərəqəm olduğundan, mən oynamayacağam. İstənilən halda, psixoloji cəhətdən hazırlaşıb, 3-cü yeri tutmalıyıq.”
0