Joze Alesio da Silva: Bu dəfə başqa sürpriz hazırlamışam - MÜSAHİBƏ
30.01.2010 - 04:58
Joze Alesio da Silva: Bu dəfə başqa sürpriz hazırlamışam - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silvanın apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatında son oyuna, 3-cü yer uğrunda Çexiyaya qarşı matça hazırlıq necə oldu?
- İlk növbədə futzalçıların əhval-ruhiyyəsini qaldırmağa çalışdıq. Təəssüf ki, axırıncı oyuna tam heyətlə çıxa bilməyəcəyik. Çünki Ukrayna ilə qarşılaşmada zədələnən Alves hələ də sıraya dönə bilməyib. Biro Jade isə ikinci sarı vərəqəni aldığından, cəzalı durumdadır.

- Qarşıdakı oyun haqqında nə fikirdəsiniz?
- Çexlərlə bu dəfəki oyun başqa cür olacaq. Çoxları qrup mərhələsində 6:1 hesablı qələbəmizi yada salaraq, bürünc medal uğrunda matçın bizə asan olacağını düşünürlər. Çempionatın əvvəli ilə müqayisədə, Çexiya indi daha yaxşı təsir bağışlayır. Ən azı onu nəzərə almaq lazımdır ki, Çexiya yarımfinala təsadüfən vəsiqə qazanmayıb. Biro Jade və Alvesin yoxluğu da bizə çətinlik yaradacaq. Hər halda, layiqli mübarizə aparmalı və bura nəyə görə gəldiyimizi göstərməliyik.

- Sizcə, çexlərin ən zəif nöqtələri hansılardır?
- Fikrimcə, onların müdafiə ilə bağlı problemləri var. Pressinq tətbiq etdikdə, topu tez itirirlər. Standart vəziyyətlərdə isə rəqib başabaş oynamağı bacarır.

- Portuqaliyalılarla görüşün əvvəllərində heç kimin gözləmədiyi halda, qapıçını oyunçu ilə əvəzləyərək, sürprizə imza atdınız. Hətta rəqibin baş məşqçisi həmin an şoka düşdüyünü bildirmişdi. Bu dəfə yenə də sürpriz hazırlamısınz?
- Bəli. Ancaq çexlərə başqa sürprizim var. Çünki onlar Portuqaliya ilə qarşılaşmada yararlandığımız taktikanı görüblər. Buna görə də eyni taktikadan istifadə etsək, effektsiz olar.

- Bəs şansları necə dəyərləndirirsiniz?
- Yenə əvvəlki kimi, şansları 50/50-yə qiymətləndirirəm. Çexiya yığması da 3-cü yeri tutmaq istəyir. Ancaq ümidvaram ki, məhz biz Bakıya bürünc medal apararaq, azarkeşlərimizi sevindirəcəyik.
0