“Altılığ”a düşməsək də, komandanın öz nüfuzu var” - MÜSAHİBƏ
30.01.2010 - 11:06
“Altılığ”a düşməsək də, komandanın öz nüfuzu var” - MÜSAHİBƏ
“Olimpik-Şüvəlan” mövsümə iddialı başlasa da, fasiləyə 8-ci pillədə yollanmaqla, ilk “altılığ”a düşmək şanslarını xeyli azaldıb. Uğursuz çıxış 3 il bu komandanın “sükan”ı arxasında olmuş, “təyyarəçilərə” tarixində ilk dəfə medal qazandırmış Əsgər Abdullayevin istefaya göndərilməsi ilə nəticələndi. Əvəzində baş məşqçi postuna Nazim Süleymanov təyin edildi. Təbii ki, yeni çalışdırıcını qane etməyən problemlər yox deyildi. Bu, oyunlarda da özünü açıq şəkildə büruzə verirdi. Bəs görəsən qış fasiləsində Süleymanov bu problemləri yoluna qoya bildimi? Müsahibədə bu və digər suallara cavab almağa çalışdıq.

- Türkiyədəki hazırlıq necə keçdi?
- Yanvarın 14-dən 27-dək Antalyada təlim-məşq toplanışı keçirdik. Orada 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırmışdıq. Təəssüflər olsun ki, onlardan biri baş tutmadı. Daha doğrusu, yarımçıq dayandırıldı. Söhbət “Tobol”la oyundan gedir. Baş verən qalmaqala görə meydanı erkən tərk etməli olduq. Keçirdiyimiz oyunlara gəldikdə, Koreya “Daiqu”suna 1:2 hesabı ilə yenildik. Ukrayna “Tavriya”sı ilə qolsuz heç-heçə etdik. Son matçda isə Rumıniyanın “İnternational” komandası ilə üz-üzə gəlik. Bu oyunda 0:1 hesabı ilə məğlub olduq. Bununla da Antalyada keçirdiyimiz iki həftəlik təlim-məşq toplanışı başa çatdı. “Diaqo”, “Tavriya” və “İnternational”la oyunlarda rəqiblər hər hissəyə fərqli “11-lik”lə çıxırdı. Biz isə 4-5 futbolçunu dəyişirdik. Əsasən baxışda olan oyunçuları yoxladıq. Rusiya, Serbiya, Braziliya, Argentina kimi ölkələrdən gələn futbolçuları sınaqdan keçirdik.

- “Tobol”la oyunun başa çatmamasına səbəb nə idi?
- Oyunun gedişində dava düşdü. Rəqib futbolçu Sergey Laşenkovun sifətinə təpiklə zərbə endirdi. Bundan sonra meydanda ara qarışdı. Bir müddət sonra hər kəs sakitləşəndən sonra qazax klubunun oyunçusu və rəhbərliyi üzr istədi. Ancaq matçı davam etdirmək artıq gec idi.

- Yoldaşlıq oyunları hazırlığın güzgüsüdür. Necə düşünürsünüz, komandanız çempionata normal hazırlaşa bildimi?
- Komanda pis təsir bağışlamadı. Sonuncu oyunda zədə üzündən Tərlan Xəlilovla İlqar Qurbanov, həmçinin özünü pis hiss etdiyinə görə Aqil Nəbiyev meydana çıxmadı. Yəni oyunlara tam heyətlə çıxa bilmədik. Bilirsiniz, oyunçuların hamısını tanıyıram. Sadəcə, onları hazırlamaq lazımdır. Fevralın 2-də oyunumuz var. Necə hazırlaşdığımız oyunlar zamanı görsənəcək.

- Siz “Olimpik-Şüvəlan”ı qəbul edəndə komandada problemlər var idi. Fasilədə bu boşluğu doldura bildinizmi?
- Problemlər həmişə olub, olacaq da. Kimsə desə ki, bütün problemləri yoluna qoymuşuq, yalan danışmış olacaq. Əsas narazı qaldığım məqam fiziki hazırlıqla bağlı idi. Bunu qaldırmağa çalışdıq. Amma vaxt az idi.

- Baxışda xeyli futbolçunun olduğunu desəniz də, yalnız bir əcnəbini bəyəndiniz. Deyəsən, etimadınızı doğruldan yalnız braziliyalı hücumçu oldu?
- Üstünlüyü yeli oyunçulara vermişik. Vüsal Qarayevlə Samir Abdulovu komandaya cəlb etmişik. Onlardan başqa, qapıçı Əsədulla Əliyevlə də müqavilə imzalamışıq. Son oyunlarda hücum xəttində problemlərin olduğunu gördük. Ona görə də, braziliyalı İsmael Fransisko da Silvayla anlaşdıq. 1984-cü il təvəllüdlü futbolçu bir müddət Portuqaliyanın ikinci dəstəsində çıxış edib. İrəli xəttə də bizə köməyi dəyəcəyinə inanırıq.

- Az transfer etməyiniz komandanızın “altılıq” şansının az olmasıyla bağlıdı, yoxsa səviyyəli futbolçu tapa bilmədiniz?
- Çox transfer etməyə, ümumiyyətlə, klubun pulunu səpələməyə ehtiyac yoxdur. Qaldı ki “altılıq” məsələsinə, heç kim bizim həlledici mərhələyə qatılmayacağımıza zəmanət verə bilməz. Lap bir faiz də olsa, şansımız var. Çalışacağıq ki, bu şansdan istifadə edək. “Altılıq”a düşməsək də, komandanın öz nüfuzu var.

- Adətən baş məşqçilər futbolçu kimi hansı mövqedə oynayıblarsa taktiki gedişlərdə də buna çox üstünlük verirlər. Məsələn, Əsgər Abdullayev müdafiəçi olub, ona görə də onun çalışdırdığı komandaların hamısı müdafiəyə meyilli futbol oynayıb. Bəs hücumçu Nazim Süleymanovun komandası hansı üsluba üstünlük verəcək?
- Təbii ki, hücumameyilli futbola üstünlük vermək lazımdır. Yəni komanda şəklində hücum etmək və müdafiə olunmaq vacibdir. Qaldı ki, sırf hücum futboluna üstünlük verməyə, bunun üçün oyunçular da baş məşqçinin tələblərinə cavab verməlidir. Gərək komandada yüksək səviyyəli oyunçular çox olsun. İndi hər şeyi xırdalamağa ehtiyac yoxdur.

- Deməli, sizin əlinizdə olan “material” istədiyiniz oyunu sərgiləməyə imkan vermir?
- Belə deməzdim. Sadəcə, istədiyini ala bilmirsən. Bunu yaratmaq lazımdır. Bu il komandanın qarşısına elə də böyük məqsəd qoyulmayıb. Gələcəkdə fərqli olacaq.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Klubu qəbul edəndə qarşıya hansı məqsəd qoyulmuşdusa, qüvvəsində qalır. Yəni yaxşı komanda formalaşdırmaq, klubun imicini qaldırmaq, oyunçuların səviyyəsini artırmaq, bacardıqca çox xal toplayıb, turnir cədvəlində yuxarı pillələrə yüksəlmək.

- “Olimpik-Şüvəlan” ölkə kubokunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, komandanız finişə qədər irəliləyə biləcəkmi?
- İndi, kimsə qəti söz deyə bilməz. Əlbəttə, hər bir klub kubok uğrunda mübarizə aparacaq. Onlardan biri də bizik.

- Şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə.

- Fasilədə İlqar Qurbanov, Aqil Nəbiyev və Anatoli Doroşun başqa klublardan dəvət alması barədə xəbərlər dolaşırdı...
- Bu cür xəbərləri mətbuatdan oxuyurduq. Ancaq futbolçular komandadan ayrılmağı düşünmürlər və hazırda bizimlə birgə məşq edirlər.

- Ümumiyyətlə, kluba onların transferi ilə bağlı hansısa təklif gəlmişdimi?
- Mənə yox. Bəlkə kluba gəlib, amma mənim xəbərim yoxdur.

- Gələn həftə “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyunda nəyə ümid edirsiniz?
- Doğma meydanda oynayacağıq. Təbii ki, meydana 3 xal qazanmaq üçün çıxacağıq. Əgər komanda qələbə qazanmaq niyyətində deyilsə, onda meydana niyə çıxır?

- Bəs Premyer Liqada mübarizə aparan digər klubların hazırlığı barədə nə deyiə bilərsiniz?
- Vaxt az oldu. Fikrimcə, yaxşı hazırlaşmaq üçün fasilə bir qədər çox olmalı idi.

- Sizcə, medallara hansı komandalar namizəddirlər?
- Bu uzun marafonu kim qət edəcəksə, qızıl medalları da həmin komanda qazanacaq.

- “Olimpik-Şüvəlan” əvəzedici komandadan əsas heyətə futbolçu dəvət edibmi?
- Əlbəttə, əvəzedici komandada çıxış edən cavan və perspektivli uşaqları əsas heyətə cəlb etməyə çalışırıq. Onlara əsas komanda ilə birgə məşq etməyə, bəzi oyunlarda meydana çıxmağa şərait yaradırıq. Yəni həmin gəncləri tədricən hazırlayıb əsas heyətin üzvünə çevirəcəyik.

- Bizdə klublar daha çox əsas komandaya diqqət ayırırlar. Əvəzedici heyətə bir qədər dırnaqarası yanaşırlar...
- Elə deməzdim. Məsələn, biz iki həftə Türkiyədə olduq. Belə olan təqdirdə, təbii ki, onların hazırlığını izləyə bilmərəm. Bakıda olanda komandanın hazırlığını mütləq diqqət mərkəzində saxlayırıq.

Mənbə: “Futbol Dünyası” qəzeti
0