“İnter” öz meydanından narazı qaldı
03.02.2010 - 18:34
“İnter” öz meydanından narazı qaldı
“Muğan”la oyunumuza qış hazırlığının təsiri böyük oldu. Belə ki, biz mövsümün ikinci yarısına süni deyil, təbii örtükdə hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun məşqçisi Georgi Çixradze deyib.

Unibank Premyer Liqasının XVIII turunun “Muğan”la görüşündən sonra keçirilən mətbuat konfransında iştirak edən gücü çalışdırıcı cəzalı olan baş məşqçi Kaxaber Sxadadzeni əvəzləyib: “Oyunların keçirilməməsi, yəni praktikanın yoxluğu da özünü göstərirdi. Təbii örtükdən süniyə keçmək ötürmələrdə, həmçinin topla rəftarda səhvlərin sayını artırmışdı. Üstəlik bir sıra aparıcı oyunçularımızın yoxluğu da hiss olunurdu. “Muğan”a gəlincə, onlar bizə layiqli müqavimət göstərdi. Bunun da nəticəsində maraqlı və gərgin oyun keçdi”.

Salyan təmsilçisinin baş məşqçisi Almur Hurtiç isə yetirmələrinin oyunundan razı qalıb: “Düzdür rəqibə uduzduq. Lakin minimal hesablı nəticəyə baxmayaraq, oyundan narazı deyiləm. Rəqibimiz çempionatın lideri olsa da, matç demək olar ki, bərabər səviyyədə keçdi”.

Qeyd edək ki, “İnter” “Muğan”la qarşılaşmada Petar Zlatinovun 76-cı dəqiqədə vurduğu qolla qalib gəlib – 1:0.