“Gərək “Dinamo”ya gedəydim” - MÜSAHİBƏ
04.02.2010 - 00:48
“Gərək “Dinamo”ya gedəydim” - MÜSAHİBƏ
Azərbaycan həmişə futbol veteranları ilə tanınıb. Sovetlər dönəmində onlarla futbolçumuz istedadı ilə seçilib. Belə futbolçulardan biri də Rafiq Quliyevdir. Hazırda Moskvada yaşayan həmyerlimizin fevralın 5-də 60 yaşı tamam olur. Onunla görüşümüz “Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin gedişində baş tutdu. “Aktobe”yə məğlubiyyətdən sonra üzüntülü olan veteranımız buna baxmayaraq, sualları cavablandırmaqdan imtina etmədi.

- Rafiq müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiniz.
- 1950-ci ildə Bakıda dünyaya gəlmişəm. Uşaqlıqdan futbola həvəsim olub. Valideynlərim məni buna həvəsləndirməyiblər. Ancaq mane də olmayıblar. O vaxt eləydi ki, hər kəs məhəllədə futbol oynayırdı. Topumuz, meydanımız olmasa da, həvəsimiz var idi. Həm də o vaxtlar məşqçilər gəlib bizim oyunları izləyirdilər. Bu da mənə çox kömək oldu.

- Bir az da konkretləşdirək, söhbət kimdən gedir?
- Şirəli Şirəliyevdən. O SSRİ dönəmində Azərbaycanın ən güclü məşqçilərindən olub. Əksər klublarımızda baş məşqçi işləyib. Bundan başqa, istedadlı uşaqların üzə çıxmasında da onun müstəsna xidmətləri olub. Nə isə, o, məni küçədə futbol oynayanda gördü. Bəyəndi. Bir müddət onun rəhbərliyi altında məşq etdim. Onun mənim yetişməyimdə böyük xidməti var. Ona görə də heç vaxt onu unutmuram.

- Bəs “Neftçi”yə nə vaxt keçdiniz?
- Şirəli müəllimin məşqlərini izləyən “Neftçi”nin məşqçilərinin diqqətini cəlb etmişdim. Bundan sonra məni komandaya dəvət etdilər. Bu anı heç vaxt unutmayacağam. Təsəvvür edin ki, hamının arzuladığı, xəyallarda canlandırdığı bir kluba keçirsən. O vaxt hər kəs “Neftçi”ni sevirdi. Elə mən də onlar kimi. O gün çox sevindim. Təbii ki, valideynlərim, yaxınlarım, qohumlarım da buna çox şad oldular.

- İlk məşqinizi xatırlayırsınızmı?
- Gənc olduğumdan məni ehtiyat komandaya götürmüşdülər. Biz o vaxt əsas heyətdəki futbolçuları ancaq qıraqdan izləyirdik. Dünənə qədər stadionda, televizorda izlədiyimiz futbolçuları canlı görməyin, məşqlərini izləməyin öz ləzzəti var idi. Həm də o vaxt “Neftçi”nin çox güclü heyəti var idi. Anatoli Banişevski, Kazbek Tuayev kimi əla futbolçular var idi. Onların məşqlərini izləməkdən zövq alırdıq.

- Neçə il əvəzedici komandada çıxış etdiniz?
- Hardasa 2 il. Yuxarıda qeyd etdiyim kimi, “Neftçi”nin əsas heyətinə düşmək çox çətin idi. Flaqmanın müdafiə xəttində Vladimir Bruxti kimi səviyyəli müdafiəçilər yer alırdılar. Digər tərəfdən, mən o vaxt çox gənc idim. Hələ yetişməli, püxtələşməli və özümü sübut etməli idim. Bunun üçün də xeyli vaxt lazım oldu. Amma mən səbr edir və öz vaxtımı gözləyirdim.

- Nə vaxta kimi gözlədiniz?
- 1969-cu ilə kimi. O vaxt artıq baş məşqçimiz Əhməd Ələsgərov məni əsas heyətə cəlb etməyə başladı. İlk vaxtlar müəyyən həyəcan hiss olunurdu. Zarafat deyil, birdən-birə SSRİ-nin ən güclü futbolçularına qarşı oynamalı idim. Düzünü deyim, səhvlərim də olurdu. Lakin daha təcrübəli həmkarlarım mənə hər cür dəstək verdilər. Vaxt keçdikcə özüm də alışdım. Həm də “Neftçi”də oynamaq asan deyildi. O vaxt komandamız güclü olduğunu oyunu ilə göstərirdi.

- “Neftçi”nin hücum və yarımmüdafiə xətti güclü sayılsa da, müdafiəçilər barədə belə deyilmirdi...
- Bu fikirlə razı deyiləm. “Neftçi”də həmişə güclü müdafiəçilər olub. Vladimir Bruxti, Nikolay Boqdanov, Adil və Yaşar Babayev kimi çoxlu oyunçular var idi. Onlardan bir çoxu SSRİ-nin müxtəlif yaş qruplarından ibarət yığmalarına da çağırılırdı. Boqdanov Bakıdan gedəndən sonra müxtəlif klublarda da oynadı. Belə müdafiəçilərə zəif demək düzgün deyil.

- Hər halda “Neftçi” demək olar ki, hər il ən çox top buraxan komandalar sırasında yer alırdı. Bəs bunu necə izah edərdiniz?
- Buraxılan qolları ancaq müdafiə xəttinin adına yazmaq düzgün olmaz. Məgər qapının toxunulmazlığı ancaq arxa xətt oyunçularından asılıdır? Gərək bütün komanda yaxşı müdafiə oluna bilə .Bizdə isə bir qədər fərqli idi. Müdafiəyə kömək arzulanan səviyyədə deyildi. Bunun başqa izahı da var. Belə ki, “Neftçi” həmişə hücuma meyilli futbol nümayiş etdirməsi ilə seçilib, daim xoşbəxtliyi rəqib qapısında axtarıb. Belə komandalara adətən qol vurmaq daha asan olur. Digər tərəfdən onu da nəzərinizə çatdırım ki, komandamız hər il ən çox qol vuranlar sırasında olurdu. Müdafiəçilərimiz də qol vurmaq qabiliyyətlərini dəfələrlə göstəriblər.

- Deyirlər o vaxt “Neftçi”nin əksər üzvlərinə xarici klublardan təkliflər gəlirmiş. Doğrudurmu?
- Elədir. Həmin vaxt komandamızda çox sayda istedadlı futbolçular çıxış edirdilər. Onların hamısını digər klublara çağırırdılar. Elə məni də Moskva “Dinamo”suna dəvət etmişdilər. O vaxt bu klubun baş məşqçisi Konstantin Beskov idi. Şəxsən o mənim “Dinamo”da oynamağımı istəmişdi. Lakin mən getmədim.

- Niyə?
- O vaxt başqa cür idi axı. Sovetlər dönəmində peşəkarlıq yox idi. Futbolçular daha çox təmsil etdiyi ölkənin komandasında oynamalı idilər. “Neftçi”də də vəziyyət elə idi. Mən də doğma komandamı tərk etmədim.

- Nə qədər “Neftçi”də oynadınız?
- 1979-cu ilə qədər. 1972-ci ildə komandamız güclülər dəstəsini tərk etdi. 4 il çalışdıq ki, yenidən qayıdaq. Buna ancaq 1976-cı ildə nail olduq. Həmin ərəfədə demək olar ki, yeni komanda formalaşmışdı. Lakin etiraf edim ki, 60-cı illərdə olduğu qədər güclü deyildik. 1979-cu ildə isə karyeramı başa vurdum.

- Amma futboldan ayrılmadınız...
- Elədir. Futbol elə bir idman növüdür ki, ondan ayrılmaq mümkün deyil. Mən də ayrı qala bilmədim. Hakimliyi seçdim. Düzdür, hakim olmaq asan deyil. Lakin mən bu işin öhdəsindən gələ bildim.

- Hansı səviyyədə oyunlar idarə etmisiniz?
- SSRİ çempionatının güclülər dəstəsində bir neçə oyuna çıxmışam. O vaxt mən məşhur hakim Rüstəm Rəhimovun briqadasında yan hakim kimi yer alırdım. O vaxt bir çox maraqlı qarşılaşmalarda ədaləti qorumuşuq. Mənim özüm də bir neçə oyunda baş hakimi kimi meydana çıxmışam. Sovetlər birliyi dağılana qədər hakim oldum.

- Bəs sonra?
- Bir müddət sonra Moskvaya gəldim. İndi bizneslə məşğul oluram. Restoranım var. Tez-tez veteranlarla ora yığışırıq. Burada yaşayan “Neftçi”nin veteranları ilə tez-tez görüşürəm.

- Rafiq müəllim, 60 ili geridə qoyursunuz. Həyatınızdan razısınızmı?
- Əlbəttə. Narazı deyiləm. Bilirsiniz, yaxşı yaşamışam. Futbolçu karyeram da pis alınmayıb. Şikayət etməyə elə bir əsasım yoxdur.

- Həyata keçməyən arzunuz olubmu?
- Bütün arzular həyata keçmir ki. Onlardan reallaşanı da olub, olmayanı da.

- Bəs nəyə görəsə təəssüf etdiyiniz necə olubmu?
- Yuxarıda dedim ki, o vaxt “Dinamo”ya keçmədim. Buna təəssüf edirəm. Gərək o vaxt gedəydim. Onda karyeram daha yaxşı ola bilərdi...

- Sonda daha bir sual. Ad gününüzü necə qeyd edəcəksiniz?
- Öz restoranımda, dostlarımla birlikdə. Yaxınlarımla birlikdə olmaq çox gözəldir.

Mənbə: “Futbol dünyası” qəzeti