“Xəzər-Lənkəran” üçqat Misir çempionunu qabaqlayıb
13.02.2010 - 00:04
“Xəzər-Lənkəran” üçqat Misir çempionunu qabaqlayıb
Dövrələrarası fasilədə 4 əcnəbinin transferini gerçəkləşdirən “Xəzər-Lənkəran” “İsmailiyyə” klubunu məyus edib. Apasport.az saytının məlumatına görə, 3 qat Misir çempionu qış transfer dövründə qarşısına qoyduğu məqsədə çata bilməyib.

Afrikalıların qarşısına çıxan maneələrdən birincisi də “Xəzər-Lənkəran” olub. Əsas diqqəti ön xəttin gücləndirilməsinə yönəldən “İsmailiyyə” rəhbərliyi 5-6 hücumçudan ibarət siyahı hazırlayıb ki, bu futbolçular komandanın Çempionlar Liqası və ölkə çempionatında uğur qazanmasında faydalı olmalı idi. Siyahının birinci pilləsində Emeka Opara dursa da, Ağasəlim Mircavadovun komandası daha cəld tərpənərək nigeriyalının ölkəmizə gəlməsinə nail olub. Bununla da “Xəzər-Lənkəran” son Misir çempionatının ikinci komandasının arzusunu gözündə qoyub.