ÇL-də yeni həyəcan: Bekhem başına butsu çırpdığı Ferqyussona qarşı
15.02.2010 - 12:14
ÇL-də yeni həyəcan: Bekhem başına butsu çırpdığı Ferqyussona qarşı
Sabah UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, iki aylıq fasiləni başa vuran qitənin nüfuzlu turnirinin iştirakçıları həlledici oyunlara qədəm qoyacaq. Artıq burada xal qazanmaq yox, iki oyunun ümumi nəticəsinə əsasən qalib olmaq önəmlidir.

Budəfəki 1/8 oyunlarının ilk dəfə fərqli formatda keçirilməsi ilə diqqət mərkəzinə düşüb. Belə ki, ilk oyunların hamısı bu həftə baş tutmayacaq və qalan 4 cüt mübarizəyə başlamaq üçün gələn həftəni gözləməlidir. Bu da ilk növbədə azarkeşlərin marağına uyğun gəlir. 1/8 finalda ən çox İspaniya, İngiltərə və İtaliya təmsil olunub – hərəyə 3 iştirakçı. Fransa, Almaniya turnirdə mübarizəni 2, Rusiya, Portuqaliya və Yunanıstan 1 komanda ilə davam etdirir.

Sabah 1/8 mərhələsində ən maraqlı oyunlardan biri baş tutacaq. Belə ki, “Milan” “Mançester Yunayted”lə üz-üzə gələcək. İndiyədək bir neçə dəfə görüşən bu komandaların son oyunu daha yaddaqalandır. Belə ki, 2007-ci ilin ÇL-nin yarımfinalında məhz “Mançester Yunayted”i keçərək (2:3 və 3:0) finala çıxan “Milan” həlledici görüşdə “Liverpul”dan əvəz çıxaraq, turnirin qalibi oldu. Sözsüz, “Milan” – “Mançester Yunayted” görüşündə əsas maraq doğuran persona Devid Bekhemdir. Hazırda “Milan”da çıxış edən təcrübəli ingilis futbolçu karyerasının yaxşı illərini keçirdiyi, uzun illər şərəfini qoruduğu, heyətində çoxsaylı titullar qazandığı “Mançester Yunayted”ə qarşı oynamalı olacaq.

Əslində, Bekhemin Mançesterdən qalmaqla ayrıldığını nəzərə alsaq, xüsusilə baş məşqçi Aleks Ferqyussonla görüş onun üçün prinsipial xarakter daşımalıdır. Axı 24 ildir komandanın çalışdıran təcrübəli şotland mütəxəssislə yola getməyən Bekhem onun başına butsunu çırpmışdı.

1/8 final mərhələsinin cavab görüşləri gələn ay baş tutacaq. Fevralın 16-da və 17-də oynayan komandalar təkrar matçları martın 9-da və 10-da keçirəcək. Fevralın 23-də və 24-də oyunları olan komandalar isə cavab görüşlərinə martın 16-da və 17-də çıxacaq.

16 fevral
23:45. “Lion” (Fransa) – “Real” (İspaniya)
23:45. “Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

17 fevral
23:45. “Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya)
23:45. “Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

23 fevral
23:45. “Ştutqart” (Almaniya) – “Barselona” (İspaniya)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Bordo” (Fransa)

24 fevral
21:30. MOİK (Rusiya) – “Sevilya” (İspaniya)
23:45. “İnter” (İtaliya) – “Çelsi” (İngiltərə)