Qus Hiddink Türkiyə yığmasında 3 milyon 750 min avro qazanacaq
15.02.2010 - 12:44
Qus Hiddink Türkiyə yığmasında 3 milyon 750 min avro qazanacaq
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində rəqibi olan Türkiyə yığması baş məşqçi məsələsini bu həftə həll edəcək. Apasport.az saytının məlumata görə, ötən seçmə mərhələdə Rusiya yığmasının çalışdırıcısı kimi Bakıya gələn Qus Hiddink bu dəfə “ay-ulduzlular”ın “sükanı arxasında” bizə rəqib olacaq. Çərşənbə günü Türkiyəyə gələcək təcrübəli holland mütəxəssis iki gün sonra müqavilə imzalayacaq. Türkiyə yığması ilə “3+1” şərti ilə anlaşacaq Hiddink bir ilə 3 milyon 750 min avro alacaq. Bu da qardaş ölkə üçün böyük məbləğ sayılır və hətta nəticədə böhran yaranacağı deyilir.

Hiddink Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənərə “Türkiyə yığmasının 2008-ci il Avropa çempionatında əzmkar, istəkli futbol oynamasına heyran qalmışdım. Bu, seçimimdə ən önəmli amildir. Belə bir milli komandanı çalışdırmaq mənim üçün qürurvericidir” deməklə, seçimini izah edib. Rusiya yığmasından gedəcəyini artıq bəyan edən Hiddink bu ölkənin Futbol İttifaqı ilə bağladığı müqavilənin müddətini bitəndən sonra – iyunun 30-da rəsmən ayrılacaq.

Qeyd edək ki, Hiddinkin Türkiyə yığmasında çalışacağı heyət də məlumdur. Belə ki, Oğuz Çətin sabiq baş məşqçisi Fatih Terim kimi, Hiddinkin də köməkçisi olacaq. Engin İpəkoğlu qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. Rəşit Çətinər gənclər yığmasına, Ərsun Yanal aşağı yaş qruplarından ibarət yığma komandalara cavabdeh olacaq.