Berti Foqtsdan dəvət gözləyən futbolçu: Heç kimdən zəif deyiləm
15.02.2010 - 14:40
Berti Foqtsdan dəvət gözləyən futbolçu: Heç kimdən zəif deyiləm
“Milli komandamızın qarşıdakı yoldaşlıq görüşləri üçün pasportumu AFFA-dan alıblar. Ola bilsin ki, İordaniya və Lüksemburqa yollandım. Hər halda, səfərə çıxıb-çıxmayacağıma baş məşqçi Berti Foqts qərar verəcək”. Bunu apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Fərid Quliyev deyib.

Cari mövsümdə məhsuldarlığı ilə seçilən 24 yaşlı hücumçu vurduğu 6 qolla bombardirlər yarışında mübarizə aparır. Milli komandamızın baş məşqçisi Berti Foqtsun İordaniya və Lüksemburqla yoldaşlıq görüşləri üçün yeni futbolçular dəvət edəcəyini söyləməsi və “Standard”ın Unibank Premyer Liqasının son turunda “Olimpik-Şüvəlan”la “Şəfa” stadionunda keçirilən oyununu izləməsi Fəridi ümidləndirib. Foqtsdan dəvət gözləyən hücumçu iddialı danışıb: “Əlbəttə, milli komandamızda oynamaq istərdim. Əsas yığmada çıxış etməyə özümü hazır sayıram. Hesab edirəm ki, milli komandamızda oynayan hücumçulardan zəif deyiləm. Mən də normal çıxış edirəm. Hücumçu üçün əsas qol vurmaqdır. Mən də əlimə düşən qol imkanlarımdan maksimum yararlanmağa çalışıram. Milli komandamızda mənə şans versələr, özümü ən yaxşı tərəfdən göstərərəm. Ancaq nə Foqtsla yığma ilə bağlı söhbətim olub, nə də çağırılacağımı dəqiq bilirəm. Düzdür, diqqət mərkəzində olmaq baxımından güclü klubda oynamaq yaxşıdır. Mən qış fasiləsində “Standard”ı tərk etmək istəsəm də, alınmadı. Bu klubla müqaviləm olduğundan hələ ki burada oynayacağam. Yayda bu məsələyə yenidən baxılacaq”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” və “Neftçi”nin maraq dairəsinə düşən Fəridin keçidi maddi məsələlərə görə baş tutmayıb.