“Bakı”nın oyunu Bərdədə döyülən hakimə tapşırıldı
15.02.2010 - 14:53
“Bakı”nın oyunu Bərdədə döyülən hakimə tapşırıldı
Karyerası ərzində dəfələrlə hakimlikdən kənarlaşdırılan Emil İsgəndərov yenidən iş başına qayıdır. Apasport.az saytının məlumatına görə, cari mövsüm birinci divizionda keçirilən qalmaqallı ABN – “Rəvan” oyunundan sonra heç bir matça təyinat almayan 44 yaşlı referi sabah yenidən meydana çıxacaq.

AFFA-nın Hakimlər Komitəsi Unibank Premyer Liqasının klublarının nəzdində olan əvəzedici heyətlərin birinciliyində keçiriləcək “Karvan” – “Bakı” matçını İsgəndərova tapşırıb.

Xatırladaq ki, referinin idarə etdiyi son qarşılaşmada kütləvi iğtişaş yaşanmışdı. Ötən il sentyabrın 26-da baş tutan qarşılaşmanın ardından azarkeşlər də meydana axışmışdı. Meydan sahibi olan Bərdə təmsilçisinin iki futbolçusu isə hakimi vurmağa da cəsarət tapmışdı. Həmin qarşılaşmadan 143 gün sonra Bərdədə döyülən hakim Yevlaxda fit çalacaq.