Baxımsız oyun, asan qələbə - YENİLƏNİB
25.02.2010 - 21:56
Baxımsız oyun, asan qələbə - YENİLƏNİB
Futbol üzrə Azərbaycan milli komandası bu gün İordaniyanın paytaxtı Əmmanda yoldaşlıq görüşü çərçivəsində yerli yığmanı sınağa çəkib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts ilk “11-likdə birdən-birə 2 debütanta yer verib. Bunlar “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov və “Standard”ın hücumçusu Fərid Quliyev olub. Foqts komandanı iordaniyalılarla matça 4-5-1 taktiki sxeminə uyğun çıxarıb. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

İordaniya - Azərbaycan - 0:2
Qollar: Fabio Luis Ramim, 1; Əfran İsmayılov, 31

İordaniya: Ala Hasan Mohammad Matalka, Ahas Valeed Bani Yaseen, Hatem Mohd Yusif Aqel, Qusai Abu Alia, Abdulrehman Mustafa Suleyman, Omar Suleyman Abukesk, Abdullah Xaled Salim, Oday Yusuf İsmayil Alsaifu, Amir Şafe Mahmud Sabbah, Basem Fathi Omar Otman, Hassouhey Qasem.

Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (kapitan), Vladimir Levin, Maksim Medvedev, Elnur Allahverdiyev - Rəşad Sadiqov, Samir Abbasov, Əfran İsmayılov, Vüqar Nadirov, Fabio Luis Ramim - Fərid Quliyev
25 fevral. Əmman. “Kinq Abdulla” stadionu.
Hakimlər: Hamdi Şaban, Ərafat Aldaxir, Nasir Derviş (hamısı Misir)

***Oyunun başlamasına təxminən 1 saat qalıb. Azarkeşlər yavaş-yavaş stadiona gəlir. Bununla belə, stadiondakı polislərin sayı azarkeşlərdən daha çoxdur.

***Bu ərəfədə stadion ətrafında güllə səsləri eşidilir.

***Az öncə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da qarşılaşmanı izləmək üçün “Kinq Abdulla” stadionuna gəlib.

***Milli komandamız oyun qabağı məşqə çıxdı.

***Meydan sahibləri də meydanda son məşqini keçirir.

***Stadiona toplaşan 3 minə yaxın azarkeş komandalarının oyunqabağı məşqini alqışlayır.

***Bu da üçrəngli bayrağımız. Komandamızı dəstəkləyən azarkeşlər Azərbaycan bayrağını havada dalğalandırır.

Komandalar oyunqabağı son məşqçini başa vurub, paltardəyişə otağına yollandılar.

Gənc iordaniyalı futbolçular hər iki komandanın, eləcə də, FİFA və “Fair Play” bayraqlarını meydana çıxarmağa hazırlaşırlar.

Start fitindən öncə 26 fevral - Xocalı faciəsinə görə 1 dəqiqəlik sükut elan olunur.

Oyun başlandı.

1-ci dəq. Yığmamız elə ilk hücumdaca hesabı açdı. Fərid Quliyevin 46-cı saniyədə sağ cinahdan qapı önünə qaldırdığı topu Fabio Luis Ramim başla tora qovuşdurdu - 1:0.

8-ci dəq. Meydan sahibləri ilk təhlükəli real qol epizodunu yaratdılar. Omar Suleyman Abukesk çaş-baş salaraq, cərimə meydanşasına daxil oldu, onun yaxı məsafədən vurduğu zərbəni Kamran Ağayev qaytardı.

24-cü dəq. Əfran İsmayılov əlverişli mövqedən topu cərimə meydanşasına ötürdü. Həmin yerdə 3 futbolçumuz olsa da, iordaniyalıların qapıçısı hamını qabaqladı. Cavab hücumunda isə Abdullah Xaled Salimin zərbəsi təhlükəli, amma qeyri-dəqiq alındı.

29-cu dəq. Fabio Luis Ramim çox əla şansdan yararlana bilmədi. Qapıçı ilə üzbəüz qalan braziliyalı yarımmüdafiəçi topu onun başı üzərindən “çərçivə”yə göndərdi. Ancaq top istiqamətini dəyişərək, nəzarətsiz qalmış qapıya daxil olmadı.

31-ci dəq. Debütant Əfran fərqləndi. Kamran Ağayevin birbaşa ötürməsinə sahib çıxan İsmayılov cərimə meydançasına daxil oldu, iordaniyalı qapıçı ilə üz-üzə gəldi və uzaq küncü dəqiq nişan aldı - 2:0.

Birinci hissə başa çatdı.
İkinci hissə başladı.

İkinci hissədə Kamran Ağayevin əvəzinə Fərhad Ağayev, Samir Abbasovun yerinə Ruslan Abışov çıxıb.

53-cü dəq. Meydan sahibləri qaydanı pozur. Ramim təxminən 32 metrdən qapıya güclü zərbə vursa da, iordaniyalı qapıçı səhvsiz oynayır.

58-ci dəq. Fabio Luis Ramimin uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsi tirdən dönür.

61-ci dəq. İordaniya komandasının fərqi azaltmaq şansı var idi. Ahas Valeed Bani Yaseenin yerlə qapıya göndərdiyi cərimə zərbəsini Fərhad Vəliyev çətinliklə də olsa, zərərsizləşdirdi.

64-cü dəq. Vüqar Nadirovu Rahid Əmirquliyev əvəzləyir.

71-ci dəq. Berti Foqts daha iki dəyişiklik edir. Rail Məlikov Əfran İsmayılovun, Rauf Əliyev isə Fabio Luis Ramimin əvəzinə meydançaya daxil olur.

Oyunun sonlarına yaxın Foqts daha bir dəyişiklik edir. Fərid Quliyev yerini Elvin Məmmədova verir.

86-cı dəq. Daha bir qol şansını boşa verdik. Elvin Məmmədov sol cinahla sürətli reyd etdi, Rauf Əliyevə əla ötürmə verdi. Ancaq gənc hücumçu yaxın məsafədən topu qapının üstünə vurdu.

90+1-ci dəq. İordaniyalılar əla qol fürsətini əldən buraxdılar. Rəqib komandanın üzvü 2 futbolçumuzu, o cümlədən qapıçı Fərhad Vəliyevi aldatdı, lakin zərbəsi dəqiq olmadı.