Foqts komandadan razı qalmadı: Böyük hesabla da qalib gələ bilərdik! - YENİLƏNİB
25.02.2010 - 22:30
Foqts komandadan razı qalmadı: Böyük hesabla da qalib gələ bilərdik! - YENİLƏNİB
“Qələbə qazandıq, amma futbolçuların hamısından razı qalmadım. Ümumiyyətlə, narazı qaldığım məqamlar çoxdur. Çox tez yorulduq”. Apasport.az saytının Əmmana ezam olunan əməkdaşının məlumatına görə, bunu İordaniya ilə oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Alman çalışdırıcının fikrincə, ikinci hissədə futbolçular həm fiziki, həm də taktiki mənada müəyyən səhvlərə yol verdilər: “Amma yeni oyunçulardan razı qaldım. Onlar sürətli futbol oynamağa çalışdılar”.

Foqts “Qalib heyəti dəyişməzlər” prinsipinə zidd gedib-getməyəcəyini, yəni Lüksemburqla oyunda fərqli heyətə güvənib-güvənməyəcəyini bizdən gizli saxladı: “Sabah (bu gün) məşqimiz var. Kim özündə güc tapıb hazır olacaqsa, o da şans qazanacaq. Düzdür, şanslarımız var idi, hətta böyük hesabla da qalib gələ bilərdik. Amma məni səfərdə ilk böyük hesablı qələbənin memarı kimi də tarixə düşmək elə də maraqlandırmır. Əsas oyun keyfiyyətidir”.