Branimir Subaşiç: Nağıl danışıb, aldatdılar məni
01.03.2010 - 18:43
Branimir Subaşiç: Nağıl danışıb, aldatdılar məni
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Ukraynanın “Krivbass” klubunda baxışda olsanız da, keçidiniz baş tutmadı. Buna səbəb nə idi?
- Mənə əvvəlcə “Dnepr” variantını təklif etmişdilər. Dedilər ki, gəl oyununa baxaq. Elə oldu ki, “Dnepr”in Türkiyədə hazırlıq prosesində rəqibi olan “Krivbass”ın heyətində bir hissə meydana çıxdım. Ukraynalılar mənə həmin görüşdə baxdılar. İkinci hissədə 45 dəqiqə oynadım və “Krivbass” 4 top buraxaraq, uduzdu - 1:4. Sonda razılaşa bilmədik, vəssalam. Əvvəl bir qiymət dedilər, sonra başqa. Ukrayna futbolunun da özünəməxsus xüsusiyyətləri var. Sərt oynayır, hara gəldi vururlar. Həmin oyunda səhvim olmadı. Hər halda, müdafiə xətti 4 top buraxırsa, bu, mənim səhvim deyil ki... Səhvim ora baxışa getmək oldu. Çünki əvvəl demişdim ki, heç yerə baxışa getməyəcəyəm. Ancaq bu variant son anda ortaya çıxdı və gedəsi oldum. Sadəcə, 45 dəqiqə oynadım. Əslində, “Dnepr” və “Krivbass” bir komandadır, eyni sahibi var. Bəzi azərbaycanlılar da həmin vaxt Türkiyədə idi.

- Konkret kimlər idi?
- Onlar meydanda deyildilər, oyun baxırdılar. FİFA agenti Kamil Məmmədovun adını çəkə bilərəm.

- O, bu məsələdə vasitəçi idi?
- Yox. Sadəcə, onunla əməkdaşlıq etmişəm.

- Belə çıxır ki, Ukrayna klubuna keçidiniz maddi məsələlər üzündən baş tutmadı?
- 45 dəqiqəyə futbolçu nə göstərə bilər? Məni yandıran odur ki, ümumiyyətlə, elə komandaya baxışa getdim. Sadəcə, insanlar məni aldatdı. Dedilər ki, “Dnepr”ə keçidin mümkündür, məvacib yaxşı olacaq. Ancaq olmadı. Bir sözlə, nağıl danışdılar, aldatdılar. Təəssüf edirəm ki, ora getdim. Bu mənim növbətim xətam oldu. Bir səhvdir etdim, eybi yoxdur, bunu gələcəkdə düzəldərəm.

- Son vaxtlar nədənsə səhv qərarlarınız çox olur...
- Axır zamanlar səhv addımlar atıram, belədir də... Son il yarımda çox yanlış qərarlar qəbul etmişəm. Özümə problem yaradıram və bu, karyerama mənfi təsir edir. İlin əvvəlində bunlar daha çox idi. Eybi yoxdur, mən bu çətin vəziyyətdən çıxacağam.

- İlin əvvəlində “Diyarbəkispor” variantı da belə səhv addım idi?
- Bu normal bir variant idi. Mən bu komandaya baxışa yox, bir günlük danışıqlara getmişdim. Orada baş verənlər mənim yox, bir agentin üzündən oldu. Nəticədə türklərlə ortaq məxrəcə gəlmədik. Bu, transfer qiyməti ilə bağlı idi. “Diyarbəkirspor”un baş məşqçisi yaxşı idi, məni sərəncamında görmək istəyirdi. Maya-iyuna kimi bu komandada oynamaqla normal danışığımız olmuşdu. Müqavilə imzalamalı idim. Ancaq həmin serb menecer problem yaratdı və sonda keçid baş tutmadığından vətənə dönməli oldum.

- Bildiyimizə görə, Nalçikin “Spartak” klubu da Türkiyədə hazırlıqda olub və bu komandanın baş məşqçisi Yuri Krasnojan “Dnepr” – “Krivbass” oyununu izləyib...
- Doğrudur. “Spartak” variantı da var idi.

- Bəs ruslar niyə sizi transfer etmək istəmədilər?
- Onlar məni istəyirdilər. Həmin oyundan sonra “Spartak”ın düşərgəsinə yollanmalı idim. Ancaq bunu istəmədim. Dedim ki, bura gəlməyimin özü bir səhv idi. Transfer çalışmaları zamanı demişdim ki, heç yerə baxışa getməyəcəyəm. Kim istəyirsə, qoy əlaqə saxlasın, agentlə məsələni razılaşdırsın. Ancaq sonradan niyə baxışa yollandığımı heç özüm də bilmirəm. Hər halda, 19-20 yaşım yoxdur ki, harasa baxışa gedim. Artıq 28 yaşımdayam və birbaşa müqaviləyə gedəcəyəm. Milli komandada, “Srvena Zvezda” və digər klubda göstəricilərim məlumdur və mənimlə maraqlananlar bununla tanış ola bilərlər. Baxışdan keçirməyə, nəyəsə baxmağa daha nə lüzum var ki? Məgər 45 dəqiqəyə nəsə göstərmək olar? Yalnız sağlam olub-olmadığına baxmaq, tibbi müayinədən keçmək olar, vəssalam.

- Elə isə sizə Ukrayna klubunda niyə 90 dəqiqə şans vermədilər?
- Bilmirəm. Dediyim kimi, 45 dəqiqə oynadım və ortaq məxrəcə gəlməli idik. Hər halda, oyuna çıxanda belə düşünürdüm. Agent dedi ki, narahat olma, hər şeyi danışmışıq. Ancaq sonda elə aşağı məbləğdə pul təklif etdilər ki... Belə məbləğə layiq deyildim. İndi pis formada deyiləm. Təlim-məşq toplanışını keçəndən sonra tam hazır olacağam. Düşünürəm ki, ən yaxşı formada ola bilərəm. Oynamaq, özümü sübut etmək istəyirəm. Təəssüf ki, hələ belə imkanım yoxdur. Başqa amillər buna imkan vermir. Eybi yoxdur, indi də olmasa, yayda yüz faiz bu vəziyyətdən çıxacağam.

- Bəlkə il yarım öncə Azərbaycanı tərk etmək, “Neftçi”dən getmək də bir səhv idi?
- Sizinlə razıyam. Belə demək olar ki, “Neftçi”dən, ölkənizdən gedişim böyük bir səhv idi. İndi olsaydım, bunu heç vaxt etməzdim. Həmin vaxt yaxşı təklif aldığım “İnter”lə müqavilə imzaladım. Ancaq sonradan “Srvena Zvaezda”dan daha yaxşı təklif aldım və ora getməyə qərar verdim. Bunu etdiyimə indi təəssüflənirəm. Həqiqi sözümdür. Bilirsiniz, “Srvena Zvezda” bizim ölkədə ən böyük klubdur. Ancaq əfsuslar olsun ki, bura vaxtında gəlmədim. Burda olduğum müddətdə üç baş məşqçi ilə işləmişəm. Nə isə, bütün bunlar keçmişdə qaldı. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz.

- Belə çıxır ki, müqaviləniz olduğu üçün ən azı yaya kimi “Srveza Zvezda”da qalacaqsınız? Hərçənd bu komanda sizə borcludur...
- Hələ bir-iki nəfər də zəng edir. Təsəvvür edin ki, qışda olduğu kimi, heç vaxt mənə bu qədər zəng olmamışdı. Hərə bir variant təklif edir, hərə bir tərəf dartırdı. Ancaq gördüyünüz kimi, sonda “Srvena Zvezda”da qaldım və ən azı yaya kimi yüz faiz burdayam. Həmin vaxta qədər yaxşı hazırlaşıb, indiyə kimi ən yaxşı səviyyədə olmağa çalışacağam. Ancaq gələcək karyeramla bağlı yaya kimi seçim edib, qərar vermək lazımdır.

- “Srvena Zvezda”nın sizə borcu çoxdur?
- Bəli. Pulla bağlı da böyük problem var. Klubumu məhkəməyə verib-verməyəcəyimi bilmirəm. Hələ bu haqda dəqiq bir söz deyə bilmərəm.

- Pulunuzu niyə vermirlər ki?
- Vermirlər də... Deyirlər ki, müqavilə ilə alacağın məbləğ böyükdür, onu ödəməyə imkanımız yoxdur. “Srvena Zvezda” da xeyli gənc futbolçular var ki, onlar havayı oynayırlar. Mənim isə müqaviləmin maddi tərəfi belə aşağı deyil. Hələ gözləyirik, problemin həllinə ümid edirik. Burada mənimlə 7-8 yüksək liqa komandası maraqlanırdı. Ancaq Serbiyada qalmaq istəməyimdən onların təklifini qəbul etmədim. Fikirləşirdim ki, xaricə gedəcəyəm, ancaq alınmadı.

- Qış fasiləsində Azərbaycana qayıtmaq variantınız olub?
- Danışıqlar olmuşdu. Ancaq indi sizə konkret bir şeyə deyə bilməyəcəyəm. Bəzi insanların məsələdən xəbəri var. Mən isə bununla bağlı açıqlama vermək istəmirəm.

- Yəni yenidən çempionatımızda oynamaq istəyirdinizmi?
- İndi bu haqda danışmaq tezdir. Yayda bunu müzakirə edərik.