“Berti Foqts tez-tez üstümə qışqırırdı”
01.03.2010 - 21:03
“Berti Foqts tez-tez üstümə qışqırırdı”
Martın 3-də Lüksemburqla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu qoşulub. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, müdafiəçi Maksim Medvedev bu gün günorta saatlarında yığmanın düşərgəsinə qayıdıb.

Fevralın 25-də səfərdə İordaniya üzərində qələbədən (2:0) sonra şəxsi problemlərinə görə Vətənə dönən gənc futbolçu artıq özünü rahat hiss edir: “Problemləri həll elədik. Artıq problemim yoxdur. Buna görə də rahat məşqlərə, oyuna çıxa bilərəm. Düzdür, yol yorğunluğu, yuxusuzluq var. Qarşıdakı matça fiziki cəhətdən hazır olsam da, axırıncı 2 gündə məşqə çıxmıram. Bu çatışmazlığı da Lüksemburqla görüşə qədər aradan götürməyə çalışacağam”.

Medvedev İordaniya komandası ilə qarşılaşma barədə fikirlərini bölüşüb: “Həmin oyunda yaxşı epizodlarımız da oldu, səhvlər də buraxdıq. Səhvləri başa düşmək olar. Çünki heyətdə təzə oyunçular var, bir-birimizi hələ yaxşı anlamırıq. İnşallah bu məsələ də yoluna qoyulacaq, səhvlərimiz azalacaq. İordaniyalılarla matça görə baş məşqçi Berti Foqts mənə irad bildirməyib. O, görüşün gedişində tez-tez üstümə qışqırıb deyirdi ki, çox irəli gedirsən, bir az da öz mövqeyində oyna”.

İstedadlı müdafiəçi bildirib ki, növbəti yoldaşlıq oyununda rəqib güclü olsa da, yenə qalib gəlmək imkanımız var: “Fikrimcə, Lüksemburq yığması İordaniyadan güclüdür. Onların olimpiya komandasına qarşı mübarizə aparmışam. Lüksemburqlular fiziki hazırlıqdırlar, sürətli oyun göstərirlər. Bizə bir az çətin olacaq. Ancaq öz oyunumuzu nümayiş etdirsək, qələbənin davamı gələcək”.