“Berti Foqts məndə olan qabiliyyətə bələddir” - MÜSAHİBƏ
02.03.2010 - 00:42
“Berti Foqts məndə olan qabiliyyətə bələddir” - MÜSAHİBƏ
Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşünü keçirəcək. Artıq milli komandamız bu məqsədlə Şotlandiyadadır. Görüşə hazırlaşan futbolçuların nikbin əhval-ruhiyyədə olduğu aşkar sezilir. Müqavilə ilə “İnter”ə məxsus olan, hazırda icarə əsasında “Karvan”da çıxış edən Şəhriyar Rəhimov da uğurlu nəticəyə inananlardandır. Onunla söhbətimizdə bu aşkar surətdə hiss olunurdu. Söhbətə isə onun klubundan başladıq.

- “Karvan” Unibank Premyer Liqasının ilkin mərhələsinin son turunda “Xəzər-Lənkəran”la qarşılaşdı. Bu oyunla bağlı nə deyə bilərsən?
- Bu görüş nə bizə, nə də onlara lazım idi. Buna baxmayaraq, müsbət nəticə qazanmaq istəyirdik. Ancaq etiraf edim ki, oyunumuz alınmadı. Heç uduzduğumuz oyunlarda belə pis təsir bağışlamamışdıq. Amma bu dəfə rəqibdən zəif oynadıq. Məğlubiyyət də qanunauyğun oldu.

- İlkin mərhələni sonuncu pillədə başa vurdunuz...
- Mən qış fasiləsindən sonra bu kluba gəlmişəm. Ona görə də o vaxta qədər olan dövr barədə danışmaq istəmirəm. İkinci dövrədə gücləndik. Lakin gec idi. Hər halda, mübarizə qabaqdadır.

- Dediyin kimi, qış fasiləsində komandaya gəldin. Bu necə baş verdi?
- Açığını desəm, ehtiyatda qalmaqdan bezmişdim. Ona görə də hansısa klubda oynamaq istəyirdim. Belə bir vaxtda “Karvan”dan təklif gəldi. Rəhbərlik bu barədə mənə məlumat verdi. Mən də bununla razılaşdım.

- Bəlkə bu qərarında hansısa maddi amillərin də rolu olub?
- Xeyr. “İnter”də nə qədər alırdımsa, “Karvan”da da o qədər alıram. Yəni pul məsələsi heç bir rol oynamadı. Sadəcə, oynamaq istəyirdim, ona görə də Yevlax təmsilçisində çıxış etməyə razılıq verdim.

- “İnter”in yetirməsisən. Ancaq bu klubda nadir hallarda oynayırdın. Niyə?
- Bunu deyə bilmərəm. Desəm ki, digər futbolçulardan güclüyəm, özündən razılıq çıxar. Bu klubda rəqabət güclüdür. Həm də ki, nəticəyə oynayırlar. Yəqin buna görə də gənclərə güvənmirlər.

- Maraqlıdır ki, Cavid Hüseynov, Elvin Məmmədov və Asif Məmmədov kimi gənclər də “İnter”də nadir hallarda oynayırdılar. Bu nə ilə bağlıdır?
- Başqalarının adından danışmağı sevmirəm. Özümlə bağlı olanı isə dedim.

- Bəlkə digərlərindən zəif idin?
- Deyə bilmərəm ki, başqalarından güclüyəm. Bu, düzgün çıxmaz. Amma mənə şans vermədilər. Futbolçu gərək oynasın ki, özünü göstərə bilsin. Necə deyərlər, oynadıqca alışırsan, təcrübən artır. Ancaq mənim əlimə belə imkan düşmədi. Elə buna görə də “Karvan”a keçməyə razılıq verdim.

- Yeni klubunda debütün pis alınmadı. Amma sonradan vəziyyət o qədər də yaxşı olmadı...
- Orası elədir. İlk qarşılaşmada “Simurq” kimi güclü komandaya qalib gəldik. O görüşdə yaxşı oynamışdıq və layiqli qələbə qazanmışdıq. Bundan sonra isə işlər o qədər də yaxşı getmədi. Əslində, o qədər də pis çıxış etdiyimizi deyə bilmərəm. Lakin istədiyimizi həyata keçirə bilmədik. “Qarabağ” və “Neftçi”yə qarşı da yaxşı oynadıq. Amma nəticə ürəkaçan olmadı. Neyləyək, həmişə hadisələr istədiyimiz kimi cərəyan edə bilməz ki?

- Orası elədir. Amma digər tərəfdən “Karvan” üçün indi uduzmaq adi sayılmamalıdır. Ən azından ona görə ki, qış fasiləsində heyət kifayət qədər gücləndirilib.
- Sizinlə razıyam. Xaqani və Füzuli Məmmədovlar, Zaur Ramazanov, Emin Quliyev kimi oyunçuların gəlişindən sonra xeyli güclənmişik. Bu keçirdiyimiz oyunlar zamanı da açıq-aşkar özünü göstərir. Amma hər oyunda uğur qazanmaq mümkün olmur. Lakin inanıram ki, tezliklə komandamız uğurları sıralayacaq.

- Bu kluba oynamaq üçün keçmişdin. Hələlik istəyin həyata keçir...
- Bəli. Oyunların əksərində çıxış etmişəm. Düzdür, sonuncu “Xəzər-Lənkəran”la oyun da daxil olmaqla iki dəfə əvəzetmədən meydana daxil olmuşam. İki dəfə də start heyətində meydana çıxmışam.

- Oyunun özünü qane edibmi?
- Özündən razı olmaq yaxşı əlamət deyil. Amma məncə pis çıxış etməmişəm. Yalnız “Neftçi” ilə qarşılaşma istisnadır. Həmin görüşdə qırmızı vərəqə alaraq komandamı pis vəziyyətdə qoydum.

- Qarşıda sizi ikinci mərhələnin oyunları gözləyir. İlk turda rəqibiniz “Simurq” olacaq. Bu matç barədə nə deyə bilərsən?
- Çətin oyun olacaq. Düzdür, biz onları ikinci mərhələnin startında məğlub edə bildik. Bu çox çətin oyun olmuşdu. Heç bu dəfə də asan olmayacaq. Bizim vəziyyətimiz elədir ki, istənilən halda qalib gəlməliyik. Başqa çarəmiz yoxdur. Ona görə də Zaqatalaya qələbə dalınca gedəcəyik.

- Yəqin ki, “Simurq”un 7 futbolçusunu transferə çıxardığını eşitmisən. Bunu sizin xeyrinizə olan amil hesab etmək olarmı?
- Əlbəttə. Bu vəziyyət xeyrimizədir. Gərək ondan istifadə edək. Digər tərəfdən onlar olan vaxtı belə biz Zaqatala təmsilçisindən 3 xal qoparmışdıq. Deməli, biz yenə bu uğuru təkrarlaya bilərik.

- Komandan hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Səncə, sonda birinci diviziona düşməkdən qurtula biləcəksinizmi?
- Bəli. Heyətimiz güclənib. Bu oyunumuza da təsir edir. Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Yevlaxda bunu bacaracağımıza ümumiyyətlə, şübhə etmirəm. İnanıram ki, sonda istəyimizi reallaşdıracağıq.

- Mövsüm qurtarandan sonra necə, “Karvan”da qalacaqsan?
- Onu indidən demək olmaz. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Mənim üçün vacib olan odur ki, mütəmadi olaraq oynayım.

- Bir qədər də U-21 haqqında danışaq. Artıq bir neçə gündür ki, təlim-məşq toplanışındasınız. Əhval-ruhiyyə necədir?
- Yaxşıdır. Uşaqlar özlərinə inanır. İndi hamımızın diqqəti Şotlandiya ilə oyuna yönəlib.

- Bakıda yoxlama görüşündə “Neftçi İSM”-i məğlub etdiniz. Bu görüş necə keçdi?
- Onları 3:0 hesabı ilə üstələdik. Təbii ki, rəqib zəif idi. “Neftçi İSM” nə Şotlandiya, nə də ki Avstriyadır. Bununla belə, qələbə yaxşı nəticədir. Baş məşqçi də bir daha bizim oyunumuza baxdı.

- İordaniya ilə görüş üçün əsas yığmaya dəvət alanlar hazırda yenidən U-21-dədir. Bu müsbət haldırmı?
- Əlbəttə. Onların gəlişi komandanı bir qədər də gücləndirəcək. Düzdür, digər tərəfdən komandada gəncləşdirmə aparılır. Bunun nə dərəcədə xeyirli olub-olmadığını ancaq baş məşqçi bilər. Amma əsas olan odur ki, komanda özünə inanır.

- Şotlandlarla Bakıdakı görüşdə sən də iştirak etmişdin. O oyunu necə xatırlayırsan?
- Necə olacaq, əgər 0:4 hesabı ilə uduzmuşuqsa, deməli, pis oynamışdıq. Nəticə də bunu göstərir. İndi isə bu uğursuzluğu unutdurmaq istəyirik.

- Necə düşünürsən, bu qarşılaşmada buna nail ola biləcəksənmi?
- Bilirsiniz ki, artıq 9-cu ilə keçib ki, biz qələbə qazana bilmirik. Bu uğursuzluğa son qoymaq üçün çalışacağıq.

- Hazırda U-21-in əksər üzvləri əsas yığmaya çağırılırlar. Bəs sən necə, belə dəvət gözləyirsənmi?
- Məni əsas komandanın baş məşqçisi Berti Foqts bir neçə dəfə təlim-məşq toplanışına çağırıb. Qabiliyyətimə bələddir. Bununla belə, hesab edirəm ki, mənim üçün əsas yığmaya çağırılmaq hələ tezdir.

Mənbə: “Futbol dünyası” qəzeti