Yığmamızın baş məşqçisi: Mənə seçmə mərhələ barədə suallar verin - MÜSAHİBƏ
02.03.2010 - 00:33
Yığmamızın baş məşqçisi: Mənə seçmə mərhələ barədə suallar verin - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət yığma komandamız Kiprdə təlim-məşq toplanışı keçirir. Dünən səfərə çıxan yeniyetmə futbolçularımız ayın 11-nə qədər ada ölkəsində qalacaq. Yenidən formalaşdırılmağa başlayan U-17-nin hazırlıq planı ilə tanış olmaq üçün baş məşqçi Oliver Pelzerlə söhbətləşdik. Ancaq almaniyalı mütəxəssisə ilk sualımız U-15-in Rusiya yığmasına qarşı keçirdiyi oyunlarla bağlı oldu. Çünki o, hər iki matçı stadiondan izləyib. Elə söhbətimiz də ikinci oyundan sonra baş tutdu.

- U-15-in rusiyalı həmyaşıdları ilə keçirdiyi hər iki oyun barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Birinci qarşılaşmada komandamız oyuna yaxşı başlamışdı. Hətta Namiq Əliyev tezliklə hesabı aça bilərdi. Ümumiyyətlə, Rusiya yığması fiziki cəhətdən bizdən güclü idi. İlk oyunda rəqibin ikinci qolu vurmasında bəxt amili də sözünü dedi. Həmin epizodda onların bəxtlərinin gətirdiyini vurğulamalıyam. Bir sözlə, rəqibə birinci matçda 0:2 hesabı ilə yenildik.
İkinci oyuna gəldikdə, komandamız bu dəfə daha güclü təsir bağışladı. Rəqiblə başabaş mübarizə apardıq. Lakin taktiki cəhətdən problemlərimizin olduğunu qeyd etməliyəm. Hesabda geri düşməyimiz uşaqları ruhdan salmadı və onlar tezliklə qol vurmağı bacardıqlarını sübut etdilər. Fikrimcə, heç-heçə hər iki komanda üçün yaxşı nəticədir. Həm də oyun aspektində komandamızın inkişaf etdiyini görürük.

- Matçdan sonra fikirlərini öyrəndiyimiz U-15-in baş məşqçisi Təbriz Həsənov birinci ilə müqayisədə bu dəfə daha yaxşı oynadıqlarını bildirdi. Hər iki qarşılaşmanı izləmisiniz. Onun bu fikri ilə razısınızmı?
- Bəli, onun fikri ilə razıyam. Nəticə də bunu deməyimizə əsas verir. Fikrimcə, birinci oyunla müqayisədə, ikinci görüşdə daha yaxşı çıxış etdik.

- Bir qədər də U-17 haqqında danışaq. Kiprdə ki hazırlıq planı barədə məlumat verərdiniz.
- Bu, yeni qurulmuş U-17-nin ilk təlim-məşq toplanışıdır. Kiprdə olduğumuz müddətdə 3 yoldaşlıq oyunu keçirəcəyik. Kiprin və Ukraynanın 17 yaşlı futbolçulardan ibarət yığmaları ilə yanaşı, “Limassol”lu həmyaşıdlarımızla da qarşılaşacağıq. İndi yoldaşlıq oyunları keçirmək bizə çox lazımdır.

- Fevralda seleksiya yönümlü toplanış keçirildi. Heyəti istədiyiniz kimi formalaşdıra bildinizmi?
- Bu işə hələ təzə başlamışıq. Yoldaşlıq oyunlarını keçirməkdə məqsədimiz uşaqların hansı mövqedə daha yaxşı çıxış edə biləcəyini müəyyənləşdirməkdir. Əlbəttə, güclü komanda yaratmaq istəyirik. Çünki payızda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bizi çətin oyunlar gözləyir.

- Müqayisə etsək, əvvəlki U-17 güclü idi, yoxsa indiki?
- Bu haqda fikir yürütmək olduqca tezdir. Çünki hazırkı komanda hələ təzə yığılıb. Məncə, ötənilki U-17 daha güclü idi. Ancaq təəssüflər olsun ki, elit raunda yüksələ bilmədik. Bunun üçün bizə 2 top lazım idi. Həmin komanda sübut etdi ki, Avropanın istənilən güclü yığmasına qarşı mübarizə aparmaq mümkündür. Suala gəldikdə, bunu zaman göstərəcək. Gəlin siz, son seçmə mərhələ ilə bağlı suallar verin.

- U-17-nin 5 oyunçusu U-19-a dəvət edildi. Necə düşünürsünüz, onlar U-19-da oynamağa hazırdırlarmı?
- Bu baş məşqçinin seçimindən asılıdır. Bu gün U-19 çox güclüdür. Ora düşmək üçün hazırkı heyətin üzvləri ilə rəqabət aparmağı bacarmaq lazımdır. Baş məşqçi də U-17-nin keçmiş üzvlərindən bu kriteriyaya uyğun gələnləri U-19-a dəvət edir.

- Bayaq son seçmə mərhələ ilə bağlı sual verməyimizi istədiniz. Sizcə, elit raunda yüksəlməyə nə mane oldu?
- Biz seçmə mərhələdə yaxşı oynadıq. Elit raunda yüksəlməyimizə 2 top çatmadı. Serbiya ilə heç-heçə oynadıq. Hansı ki, Qazaxıstan da serblərlə heç-heçə oynasaydı, və ya biz İngiltərəyə 4 deyil, 2 top fərqi ilə yenilsəydik indi güclülərin sırasında yer almışdıq. Yəni komanda 4 xal toplamışdı. İkinci pillənin sahibi olan Serbiya da 4 xal yığmışdı. İştirakçılara diqqət yetirsək, 3 xalla elit raunda yüksələnlər oldu. Amma digər yandan 6 xalla mübarizəni ilkin mərhələdə dayandırmalı olan yığmalar da yox deyildi. Yenə deyirəm, bizim mübarizəmizi davam etdirməyimiz üçün 2 top artıq vurmalı və ya bu qədər az buraxmalı idik.

- U-17 final mərhələsi 2011-ci ildə keçiriləcək Avropa çempionatının ilkin qrup mərhələsi çərçivəsində V qrupda Portuqaliya, Şimali İrlandiya və Çernoqoriya ilə qarşılaşacaq. Rəqiblərimiz barədə nə deyə bilərsiniz?
- Yenə son mərhələdə üzləşdiyimiz situasiyadır. Portuqaliya qrupun aşkar favoritidir. Biz Çernoqoriyanı udmalıyıq. Bilirəm, Çernoqoriya heç də zəif komanda deyil. Onlar da Serbiya və Xorvatiya kimi uşaq futbolunda çox güclüdürlər. Fikrimcə, 4-5 xal toplaya biləcəyik. Eyni zamanda qrup çərçivəsində keçiriləcək digər oyunların nəticəsindən də çox şey asılı olacaq.

- Onların oyunlarını izləmisinizmi və ya planınızda varmı?
- Portuqaliyanın 1993-cü il təvəllüdlü futbolçulardan ibarət yığmasının oyununu ötən il izləmişdim. Hansı ki, həmin komandada 2-3 nəfər 1994-cü il təvəllüdlü idi. Məncə, Portuqaliya oyunlara güclü heyətlə qatılacaq. Ümumiyyətlə, bu ölkənin həm əsas, həm də aşağı yaşlı futbolçulardan ibarət yığmaları Avropanın güclü komandaları sırasına daxildir. Şimali İrlandiya haqqında məlumat toplamağa çalışıram. Onların həm də oyunlarını izləməyə çalışacağam. Ümumi götürdükdə, birinci kvalifikasiya mərhələsini adlamaq üçün gözəl şansımız var.

Mənbə: “Futbol dünyası” qəzeti