Milli komandamız Lüksemburqla oyunun hazırlığına itki ilə başladı
01.03.2010 - 23:40
Milli komandamız Lüksemburqla oyunun hazırlığına itki ilə başladı
Bu gün Azərbaycan futbol yığması Lüksemburqda ilk məşqinə çıxıb. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, baş məşqçi Berti Foqts yetirmələrinə “Stade rue Henri Dunant” stadionunda təmrinlər keçib.

Ancaq Lüksemburqla oyunun hazırlığı heç də yaxşı başlamayıb. Belə ki, gənc yarımmüdafiəçi, İordaniya ilə görüşdə ikinci qolun müəllifi Əfran İsmayılov məşqi yarımçıq dayandırıb. Zədədən əziyyət çəkən futbolçunun martın 3-də Lüksemburqla oyuna çıxıb-çıxmayacağı bilinmir. Əvəzində, Aleksandr Çertoqanov və “Anji”dən gələn Mahir Şükürov məşqlərə qoşulub. “Tvente”nin hücumçusu Vaqif Cavadov isə bu gün axşam saatlarında milli komandanın düşərgəsinə gəlib.