“Atletiko”ya kömək edən hakim cəzalandı - FOTO
02.03.2010 - 09:56
“Atletiko”ya kömək edən hakim cəzalandı - FOTO
İspaniya Primerosının texniki komitəsi növbəti iclasını keçirib. Apasport.az saytının məlumatına görə, qurum Alfonso Peres Burrulu qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırmağa qərar verib. Buna ədalət təmsilçisinin ölkə çempionatının son turundakı idarəçiliyi səbəb olub. Madridin “Visente Kalderon” stadionunda keçirilən “Atletiko” – “Valensiya” oyununu idarə edən Burrul işinin öhdəsindən gələ bilməmişdi. Məhz onun şübhəli qərarları meydan sahiblərinin işinə yaramışdı – 4:1.

Lakin referi təkcə madridlilərə kömək etməyib. Komitə onun qonaqların qapısına təmiz penaltini təyin etməməsini üzə çıxarıb. Məhz Reyesə qarşı kobudluq zamanı hakimin susması əks-hücumda Silvanın fərqlənməsinə səbəb olmuşdu. Aqueronun zərbəsindən sonra topun Marçenanın əlinə dəyməsini də gözdən qaçırması, “Atletiko” futbolçularının şikayəti və 4-cü hakimin məsləhətindən sonra qərar verməsi də Burrulun səhvləri kimi dəyərləndirilib.

Üstəlik o, penalti verməklə yanaşı, Marçenanı da meydandan qovub. Burrul ötən mövsüm “Osasuna” ilə oyunda “Real”ın qapısına iki təmiz penalti təyin etmədiyi üçün 1 aylıq cəzalanmışdı.

Qeyd edək ki, “Atletiko”nun 4 gün ərzində qazandığı iki qələbədə hakim “əməyi” olub. İspanlardan fərqli, UEFA Avropa Liqasının fevralın 25-də keçirilən “Qalatasaray”la İstanbuldakı matçında hoqqa çıxaran italiyalı Roççini cəzalandırmayıb. Madridlilərin Türkiyə səfərindəki 2:1 hesablı qələbəsində də qırmızı vərəqənin rolu olmuşdu.