Türkiyədə ilin ən yaxşı futbolçusu seçildi
02.03.2010 - 10:03
Türkiyədə ilin ən yaxşı futbolçusu seçildi
Gökdəniz Karadəniz 2009-cu ildə Türkiyənin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Rubin” klubunda forma geyinən 30 yaşlı hücuma meyli yarımmüdafiəçi vətənində ən aparıcı nəşrlərdən olan “Zaman” qəzetinin keçirdiyi sorğunun qalibi olub.

İnternet oxucular arasında üç ay davam edən sorğunun nəticələri açıqlanıb və səslərdən çoxunu məhz Gökdəniz alıb. O, hətta Türkiyədə ən məşhur, yaxşı futbolçulardan sayılan “Qalatasaray” klubunun 23 yaşlı kapitanı Arda Turanı qabaqlayıb. Karadəniz ölkədən kənarda çıxış etməsinə baxmayaraq, vətəndə diqqətdə saxlanılmasını yüksək qiymətləndirir: “Hər bir idmançıya sadə insanların, əsl azarkeşlərin belə etirafı xoşdur. Şadam ki, Rusiyada nə etdiyimi vətənimdə insanlar diqqətlə izləyir. Yeni transferimiz olan həmyerlim Fatih Təkkə ilə yenidən bir yerdə oynayacağımı səbirsizliklə gözləyirəm. Bunun necə olduğunu tez yada salmaq istəyirəm. Aydın məsələdir ki, “Rubin”in öz oyun üslubu var. Ancaq əgər Fatihlə anlaşmanı qaydasına salsaq, onun yeni komanda yoldaşları ilə oyunu tez alınacaq. Bu da komandaya kömək edəcək”.

Qeyd edək ki, Karadənizlə Təkkə uzun illər “Trabzonspor” klubunda bir yerdə uğurla çıxış ediblər. Bundan sonra Rusiyaya gələn cütlükdən Fatih “Zenit”lə ölkə çempionluğu, UEFA kuboku və UEFA Superkubokunu qazanıbsa, Gökdəniz ardıcıl iki dəfə Premyer Liqanın qalibi olub.