Fabio Luis Ramim sabah iki qol vursa...
02.03.2010 - 10:48
Fabio Luis Ramim sabah iki qol vursa...
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən iki ay ərzində qitə kuboklarında və yığmada ən çox qol vuran futbolçuların cədvəlinə misirli Məhəmməd Nagı Gado Geddo başçılıq edir.

“Əl-İttihad”ın üzvü yığmada 6 dəfə fərqlənib. Afrikalıların hegemonluq etdiyi siyahıda Türkiyənin “Qalatasaray” klubu da təmsil olunub. Avropa Liqasında 2, Kot d’İvuar millisində 1 qol vuran Abdul Kader Keyta ümumi siyahıda 15-ci pillədə qərarlaşıb. O, Avropada çıxış edən oyunçular arasında 3-cü yerdədir. Fransanın “Renn” klubunda çıxış edən qanalı Qyan Asamoa və İspaniya “Valyadolid”inin anqolalı oyunçusu Manuşo Keytanı qabaqlayır.

Ən azı 3 qol vuran futbolçuların siyahısına ümumilikdə 27 futbolçunun adı daxil edilib. Onlar arasında yalnız iki avropalı yer alıb. Fransalı Cibril Sisse (“Panatinaikos”) və xorvat Krunoslav Lovrek (“Combuk Hyundai”) klublarında vurduğu 3 qolla 16-cı pilləyə şərikdirlər.

Azərbaycan təmsilçiləri siyahıda yer almayıb ki, onlar arasında rekordçular Əfran İsmayılovla Fabio Luis Ramimdir. Belə ki, yalnız bu iki futbolçu 2010-cu ildə beynəlxalq arenada qol vurub. Hərəyə 1 dəfə fərqlənən bu oyunçulardan hansısa sabah Lüksemburqla görüşdə dubla imza atsa, siyahıya düşə bilərlər.