“Altılığ”a qələbə ilə başlamalıyıq” - MÜSAHİBƏ
11.03.2010 - 17:07
“Altılığ”a qələbə ilə başlamalıyıq” - MÜSAHİBƏ
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis Unibank Premyer Liqasının sabah “Qarabağ”la keçiriləcək oyununa hazırlıq və matçla bağlı fikirlərini açıqlayıb.

- “Qarabağ”la oyun öncəsi komandada durum necədir necədir?
- Hər şey yaxşıdır. Komanda üzvləri məşqlərdə tam gücləri ilə çalışdılar. Futbolçuların əzmkarlığını bəyəndim. Oyuna çox ciddi hazırlaşmışıq.

- Rəqibi necə dəyərləndirirsiniz?
- “Qarabağ” yaxşı komandadır. Əsas üstünlükləri 8-9 futbolçunun milli komandada çıxış etməsidir. Komandanın əsasını yerli oyunçular təşkil edir. Amma biz də əlimizi-qolumuzu yanımıza salmaq fikrində deyilik.

- “Bakı” “altılığ”a qələbə ilə başlaya biləcək?
- Bizim məqsədimiz də məhz budur. Həlledici mərhələyə qədəm qoyuruq. Burada bizi bir-birindən gərgin və maraqlı oyunlar gözləyir. Hər matçın böyük önəmi var. Bu səbəbdən “altılığ”a qələbə ilə başlamalıyıq. Sabahkı matçda meydana yalnız üç xal üçün çıxacağıq.

- Əvvəlcədən sabahkı qarşılaşmanın Quzanlıda keçirilməsi nəzərdə tutulsa da, sonradan oyunun yeri dəyişdirildi. Sabah meydan sahibi qismində sizin komanda olacaq. Bu amil nəticəyə təsir edə bilərmi?
- “Qarabağ” klubu bizə müraciət edərək, “Xəzər Lənkəran”la oyundan sonra meydanın pis vəziyyətə düşdüyünü və bu səbəbdən də ilk matçın Bakıda keçirilməsini xahiş etdirlər, biz də razılaşdıq. Azərbaycanda onsuz da meydanların əksəriyyətinin durumu yaxşı deyil. Amma stadion dəyişikliyinin hansı komandanın işinə yarayacağı sabahkı matçdan sonra məlum olacaq.

- Yəqin ki, “Qarabağ”ın kubokda “Xəzər Lənkəran”a qarşı keçirdiyi oyunu izləmisiniz. İlk matçda səfərdə qarşılaşdığınız “Qarabağ”la indiki komanda arasında hansı fərq var?
- Əsas fərq Vaqif Cavadovun yoxluğudur. Fikrimcə, onun gedişi “Qarabağ”ın oyununa müəyyən dərəcədə təsir göstərir. Amma onu da deyim ki, ötən ilin sonunda keçirdiyimiz oyunda səfərdən qolsuz bərabərliklə ayrılsaq da, üstün oynayan tərəf biz idik. Bir neçə qol epizodu yaratmışdıq. Rəqibə isə demək olar ki, heç bir qol şansı verməmişdik. Hesab edirəm ki, sabah da həmin oyunu təkrarlaya bilsək, istəyimizə çatacağıq.

- Cəzalı olduğunuz üçün sabahkı matçı tribunadan izləyəcəksiniz...
- Sözün açığı, tribunada oturub-oturmayacağımı heç dəqiq bilmirəm. Çünki keçən dəfə polislər tribunada olmağıma belə icazə vermədilər, görək bu dəfə qoyacaqlar?

- “Qarabağ”la matçda ehtiyat oyunçular skamyasında olmamağınız futbolçularla ünsiyyət qurmağınıza problem yaratmayacaq ki?
- Heç bir problem olmayacaq. Mən öz köməkçilərimə inanıram.
0