“Onun da “Bakı”ya qarşı belə edəcəyini düşünürəm” MÜSAHİBƏ
11.03.2010 - 18:00
“Onun da “Bakı”ya qarşı belə edəcəyini düşünürəm” MÜSAHİBƏ
“Bakı” klubunun moldovalı futbolçusu Vadim Boretsin apasport.az saytına müsahibəsi

- Sabah “altılıq” başlayır və ilk turda komandanızı son ölkə kubokunun qalibi “Qarabağ”la çətin sınaq gözləyir. “Bakı”nın aparıcı futbolçularından olan Borets bu görüş haqda nə düşünür?
- Qarşıdakı oyun bizim üçün çox vacibdir. Ölkə kubokunda “Standard”la uğursuz görüşdən sonra mütləq qələbə qazanmalıyıq. Yaxşı başlasaq, çempionluğu qazanmaq üçün şansımız olacaq.

- Qalib gəlsəniz, “Qarabağ”la “Bakı”nın xalları bərabərləşəcək. Əks təqdirdə, liderlə xal fərqi daha da artacaq...
- Doğrudur. Bütün bunları nəzərə alaraq, görüşün bizə böyük önəm kəsb etdiyini düşünürəm. Sabah meydana yalnız qələbə üçün çıxacağıq.

- Bu qarşılaşmaya hazırlığınız əvvəlki matçlara olduğu kimidir, yoxsa?
- Həmişə olduğu kimi. Ciddi hazırlaşırıq. Klub rəhbərliyi ilə birgə iclas oldu. Qarşıda duran vəzifələr haqda danışıldı. Deyildi ki, “altılıq”da mümkün qədər yaxşı çıxış etmək lazımdır. Biz də buna nail olmağa çalışacağıq.

- Rəhbərlik qarşınızda hansı vəzifə qoyub?
- Minimum avrokuboklara çıxmaq, əsas vəzifə çempionluq və kuboku qazanmaqdır.

- Sizcə, komandanın indiki potensialı qarşıda duran məqsədə çatmağa imkan verir?
- Bəli. Ancaq nədənsə gücümüzü tam göstərə bilmirik. Komandamız potensialının hələ 50 faizini, bəlkə də bundan azından istifadə edib. Hələlik ən yaxşı oyunumuzu nümayiş etdirə bilməmişik.

- Bəs bunun səbəbi nədir?
- Dəqiq deyə bilmərəm. Hər halda, çətinliklər arxada qalıb və indi hər şey qaydasındadır. Elə “altılıq” kimi yarışda komandanın xarakteri, nəyə qadir olduğu üzə çıxır. Bu mənada “altılığ”ın maraqlı olacağını düşünürəm. Öz gücümüzü yoxlayıb, bacarığımızı göstərərik. İndi bunun əsl məqamıdır. Allah qoysa, istəyimizə çatsaq, bu, avrokuboklar öncəsi bizim üçün yaxşı sınaq olacaq. Ümumiyyətlə, “altılığ”ı beynəlxalq yarışlar öncəsi yaxşı sınaq sayıram. Çünki burada bütün oyunlar ciddi olur, futbolçular gərgin mübarizədə yoxlanılır. Mən elə məhz belə qarşılaşmalarda iştirak etməyi sevirəm. Həqiqətən çox maraqlı, vacib görüşlər olacaq.

- 5 ildir Azərbaycanda oynasanız da, ilk dəfə “altılıq” mərhələsinin iştirakçısı olacaqsınız. Belə çıxır ki, bu sistemi bəyənirsiniz...
- Xoşuma gələn vacib oyunların başlamasıdır. Bu mərhələ başlayanda çox məmnun oluram. Çünki bu zaman əsl gücünü yoxlamağa imkan yaranır. Ona görə də ilk dəfə iştirakçısı olacağın “altılığ”ı maraqla gözləyirəm.

- Rəqibi necə xarakterizə edərdiniz?
- “Qarabağ” yaxşı komandadır, oyunu çox xoşuma gəlir. Bunda baş məşqçi Qurban Qurbanovun əməyi böyükdür. Vaxtilə rəhbərliyi altında oynadığım Qurbanovu yaxşı məşqçi sayıram. “Qarabağ”da mənə tanış olan futbolçular çoxdur. Onlarla birgə oynamışam. Fikrimcə, yaxşı futbolçuları olan “Qarabağ”ı çempionluğa, eləcə də ölkə kubokuna əsas namizədlərdən olacaq.

- “Qarabağ”da forma geyinən futbolçuların çoxu ilə “Neftçi”də bir yerdə oynamısınız. Bu amil şəxsən sizə böyük motivasiya, prinsipiallıq verir, yoxsa keçmiş komanda yoldaşlarına qarşı oynamaq çətindir?
- Bu, mənim üçün çətin deyil, sadəcə, maraqlıdır. Vaxtilə bir yerdə oynamışıq, indi isə rəqibik. Bu mənada maraqlı oyun gözləyirəm. Biz son ölkə çempionu, “Qarabağ” da son kubokun qalibidir. Fürsətdən istifadə edib, azarkeşləri stadiona dəvət edirəm. Yaxşı olardı ki, çox adam gəlsin, sevdikləri komandaları dəstəkləsinlər. Azarkeşlər stadionunda çox olanda görüş maraqlı alınır, futbolçular da başqa cür oynayırlar. Nə qədər çox adam olsa, bir o qədər yaxşı oynayırsan.

- “Neftçi” və “Bakı”da bir yerdə oyandığınız Georgi Adamiya qış fasiləsində “Qarabağ”a keçdi. Bu dəfə sizə qarşı oynayacaq gürcü hücumçunu meydanda əsas təhlükə saymaq olarmı?
- Bilirsiniz, futbolçu adətən keçmiş komandasına qarşı çox yaxşı oynamağa çalışır. Bu mənada Adamiyanın da bizə qarşı belə edəcəyini düşünürəm. O, özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Futbolda həmişə belə olur. Futbolçu sabiq klubuna qarşı ikiqat güclə oynayır. Bununla tez-tez qarşılaşmışam və gördüklərimi normal hal sayıram.

- Cari mövsümdə “Qarabağ”la keçirdiyiniz hər iki oyunda nəinki qalib gəlmisiniz, heç qol vura bilməmisiniz...
- Bunu səbəbini demək çətindir. Ötən mövsüm “Qarabağ”ı hər iki oyunda 2:0 hesabı ilə məğlub etdik. Bu dəfə evdə 0:1 hesabı ilə uduzduq, səfərdə qolsuz heç-heçə etdik. Qol vura bilməmişiksə, deməli, rəqib daha da artırıb. Yaxşı oynayır, güclü müdafiəçiləri var ki, ona qol vura bilmirik. İndi “Qarabağ” ötən mövsümdən çox güclü oynayır. Elə buna görə sabahkı oyun maraqlı, eyni zamanda çətin olacaq. “Qarabağ”la cari mövsümdəki nəticələrimizi dəyişdirməli, bu dəfə qalib gəlməliyik. Bunun üçün mütləq qol vurmalıyıq. Axı qol vurmasan, qələbə qazana bilməzsən.
0