Şakir Qəribov danışdı: Əgər ona baş məşqçi postunu etibar ediblərsə...
11.03.2010 - 17:47
Şakir Qəribov danışdı: Əgər ona baş məşqçi postunu etibar ediblərsə...
“Neftçi” klubunun məşqçisi vəzifəsindən istefa verən Şakir Qəribovun lent.az saytına müsahibəsi

- “Neftçi”dən istefanız nə ilə əlaqədardır?
- “Neftçi”dən öz xahişimlə getmişəm. “Neftçi” klubunun rəhbərliyinə, bütün işçilərinə, adi otaq təmizləyəndən, meydançaya qulluq edənlərədək hər kəsə minnətdarlığımı bildirirəm. Mən onları necə istəmişəmsə, onlar da məni o cür istəyiblər. Onların hamısına uğurlar arzulayıram. Açığı, elə bir insanam ki, komandamın uduzmasını heç vaxt istəmərəm. Komandadan getməyimdə də heç bir problem yoxdur. “İnter”ə dalbadal iki oyun uduzmağımıza baxmayaraq, “Neftçi”nin məşqçilər korpusundan arzum budur ki, martın 13-də bu komanda ilə keçirəcəkləri ardıcıl 3-cü qarşılaşmada yaxşı çıxış etsinlər, uğur qazansınlar. “Neftçi”nin həm kollektivinə, həm əməkdaşlarına, həm də rəhbərliyinə klubun həqiqətən də layiqli yerlərə qovuşdurmalarını arzulayıram. “Neftçi”nin rəhbərliyindən razılıq etməkdən başqa heç bir sözüm yoxdur. Onların hamısından razıyam.

- “Neftçi”yə Vaqif Sadıqovla birgə gəlsəniz də, onunla birgə getmədiniz. Bunun səbəbi nədir?
- Əvvəla Vaqif Sadıqovun özü çox sağ olsun ki, fevralın 21-də “İnter”lə çempionat matçından sonra istefa verərkən, bizə qalıb işləməyimizi və “Neftçi”yə kömək göstərməyimizi istədi. Özünün xahişi belə oldu: “Mən gedirəmsə, bu, o demək deyil ki, siz də getməlisiniz. Qalın, komandaya kömək edin”. Həmin vaxt mən də onun kimi addım atmaq istəyirdim. Amma Vaqif Sadıqovun özü “Qalın, işləyin və “Neftçi”yə bacardığınız köməyi göstərin” kəlməsini dilə gətirdi. Mən də onun sözündən çıxmadım, qaldım, işlədim. Lakin ardıcıl iki məğlubiyyət məni istefaya məcbur etdi.

- Həm də yenə “İnter”lə qarşılaşmadan sonra...
- Bəli. Unibank Premyer Liqasında XXII turun görüşündən sonra Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk matçında da “İnter”ə yenildik. Uduzmağı xoşlamıram. Məğlubiyyətlər həm bir insan kimi özümə, həm də səhhətimə təsir göstərir. İndiyədək harada işləmişəmsə, ora kömək etmək istəmişəm. Köməyim dəymirsə, ayrılmaq hamısından yaxşıdır. İnsan səmimi deyilsə, danışdıqlarının hamısı havayıdır. Mən də səmimi olmağa çalışmışam.

- Vaqif Sadıqov istefa verdikdən sonra “apasport.az” saytına açıqlamanızda “İstefa vermək qəhrəmanlıq deyil” demişdiniz. Amma indi deyirsiniz ki, həmin vaxt Sadıqovla birgə getmək istəmisiniz...
- Heç vaxt kiməsə söz atmıram. Kiminsə ünvanına söz deyəndə, onun adını çəkirəm. O sözləri nəyə görə söylədiyimə aydınlıq gətirmək istərdim. Mən demişdim ki, istefa vermək qəhrəmanlıq deyil, qalıb işləmək, komandaya kömək etmək lazımdır. Həmin vaxt Vaqif müəllim özündə güc tapmadı. Həddən artıq əsəbiləşmişdi. Çünki o da məğlubiyyəti sevməyən məşqçilərimizdəndir. Baxmayaraq ki, “Neftçi” Vaqif Sadıqovun rəhbərliyi altında 14 oyunda uduzmayıb. Mən o sözləri nə özümə, nə də Vaqif müəllimə görə demişdim. İstefa verib getmək ən asan işdir. Qalıb, nəyisə sübut etmək lazımdır. Qalırıqsa, işləyək, bacardığımız köməyi göstərək. Kömək edə bilmiriksə, gedək. Mən də kömək edə bilmədiyim üçün ərizəmi yazaraq getdim. Qoy başqası gəlsin, kömək etsin. Şəxsən mən uduzmağı xoşlamıram. Görürəm ki, “Neftçi” dalbadal iki oyun uduzur. Bu da mənə təsir etdi və istefa verməyi qərara aldım.

- Bəs Vaqif Sadıqovun istefasından sonra baş məşqçi postunun Sizə yox, Sizdən təcrübəsiz Arif Əsədova həvalə edilməsini necə qarşıladınız?
- Bu, rəhbərliyin işidir. Əsədov gənc mütəxəssisdir. Əgər ona baş məşqçi postunu etibar ediblərsə, demək o da layiqdir. Onların öz fikirləri var, mən də hörmətlə yanaşıram.

- Adətən, uğursuzluğa görə hamıdan əvvəl baş məşqçi istefa verir. Arxasınca onun köməkçiləri gedirlər. Amma “İnter”ə 0:3 hesablı məğlubiyyətdən sonra “Neftçi”dən baş məşqçi yox, onun köməkçisi istefa verdi. Bu nə dərəcədə məntiqlidir?
- Başqası barədə danışmağı sevmirəm. Mən özümə cavabdehəm. Yenə deyirəm, uduzmağı xoşlamıram. Həqiqətən də “İnter”ə ardıcıl iki məğlubiyyət mənə təsir etdi. Heç kimdən narazı deyiləm. Xüsusən də klub rəhbərliyindən. Çünki mənim işləməyim üçün hər cür şərait yaratmışdılar. Bir daha onlara “sağ olun” deyirəm və işlərində müvəffəqiyyətlər arzulayıram.

- Hazırda Arif Əsədovla münasibətləriniz necədir?
- Yaxşıdır və yaxşı da qalacaq.

- Komandadan gedərkən, bu haqda onu məlumatlandırdınız?
- Bəli.

- “İnter”ə kubok matçındakı məğlubiyyətdən sonra “Neftçi”nin məşqçilər heyətinə klub rəhbərliyi tərəfindən hər hansı irad bildirildi?
- Xeyr. Bizə heç bir söz deyilmədi. Martın 10-da isə istefa ərizəmi yazdım və rəhbərlik də qəbul etdi. Çox sağ olsunlar.

- “İnter”lə oyununuz martın 7-də olub. Siz isə bundan 3 gün sonra istefa vermisiniz. 0:3 hesablı məğlubiyyətdən sonra istefa verənədək “Neftçi”nin martın 8-də və 9-da keçirdiyi məşqlərdə iştirak etmisiniz?
- Bəli.

- Elə isə iki gün də işlədikdən sonra istefa verməyiniz nə ilə əlaqədardır?
- Bunun bir fərqi var?

- Adətən, uğursuz oyundan sonra insan emosional olur. Məhz bu vaxt hər hansı qərar qəbul etmək istəyir...
- İnsanın beyninə dərhal hər şey girmir. Oturursan, fikirləşirsən. Sonra da qərar verirsən.

- Bundan sonrakı fəaliyyətiniz haqda düşünməmisiniz?
- Bunu həyat göstərəcək. Hələ cəmi bir gündür ki, istefa vermişəm.

- Bəlkə “Neftçi”dən istefanız milli komandada Berti Foqtsun əsas köməkçisi vəzifəsinə dəvət almağınızla əlaqədardır?
- Xeyr. Mənə heç kim dəvət göndərməyib. Onlarla heç əlaqəm də yoxdur.
0