Hücumçular üçün utandırıcı hadisə - Neaqa zirvədə!
13.03.2010 - 11:35
Hücumçular üçün utandırıcı hadisə - Neaqa zirvədə!
Azərbaycan Premyer Liqasının final mərhələsi start götürdü. Arxada qalan ilkin mərhələ isə bir sıra məqamlarla yadda qaldı. Heç-heçələrin sayının çoxluğuyla yanaşı, çempionatın məhsuldarlığının aşağı olması da birinciliyə öz damğasını vurdu. İlk baxışdan elə təsir oyanır ki, hücumçularımız sanki yuxuya gediblər. Bombardirlər yarışının zirvəsində Adrean Neaqanın qərarlaşması da bundan xəbər verir. Axı "Neftçi"nin rumıniyalı futbolçusu nominal hücumçu deyil. Doğma mövqeyi yarımmüdafiə xətti olan legioner hücumameylli oyun sərgiləməklə yanaşı, penaltiləri dəqiq yerinə yetirməklə birinci mərhələnin ən məhsuldar oyunçusu oldu. Əslində, bu məqam Premyer Liqada çıxış edən hücumçulara utanc verən hadisədir.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində heç vaxt hücumçular birinciliyi uduzmamışdı. Düzdü, 1995/96 mövsümündə Fazil Pərvərov yarımmüdafiəçi olmasına baxmayaraq, hamıdan çox qol vurmuşdu. Lakin o vahid bombardir adını qazanmamışdı. Onun "Kəpəz"dəki komanda yoldaşı, ampluası hücumçu olan Rövşən Əhmədov da eyni sayda qol vurmuşdu. Bir sözlə, Adrien çempionatda bombardir adını qazanan ikinci yarımmüdafiəçi olmağa yaxındı.

Neaqanın liderliyinə digər tərəfdən də yanaşmaq olar. Onun vur-tut 9 qol vurması diqqət çəkir. 22 turdan sonra cəmi 9 top vurmaqla bombardirlər yarışının lideri olmağın mümkünlüyünə yalnız bir ad vermək olar: qolçular yatıb. Hələ bu qolların yarıdan çoxunun - 5-nin penaltidən vurulmasını demirik. İndiki vəziyyətdə belə çıxır ki, hər tur 0,4 qol vuran futbolçu mövsümün ən yaxşı bombardiri ola bilər. Bunun nə dərəcədə aşağı göstərici olduğunu tarixə nəzər salmaqla müəyyənləşdirmək olar. Arxada qalan 16 mövsüm göstərib ki, belə aşağı məhsuldarlıqla uzağa getmək olmaz. 1992 və 1994/95 mövsümlərində Nazim Əliyev, 1993/94 mövsümündə Musa Qurbanov, ondan 3 il sonra kiçik qardaşı Qurban Qurbanov turların sayından daha çox fərqlənməklə qol kralı olub. Digər 12 çempionatda isə ən yaxşı bombardirlərin vurduğu qolların sayı keçirilən turlarla müqayisədə daha kiçik olub.

Cari mövsümün arxada qalan hissəsini 1999/2000 mövsümüylə müqayisə etmək maraqlı olardı. Axı həmin çempionatda elə indiki kimi 22 tur oynanılıb. Yəni cari birinciliyin ilkin mərhələsində olduğu qədər oyun həmin vaxt bütün mövsümü əhatə edib. On il əvvəl Badri Kvaratsxeliya hamıdan yaxşı olmaq üçün 16 qol vurmuşdu. Gürcüstanlı hücumçunun Neaqa ilə müqayisədə az qala 2 dəfə məhsuldar olması diqqət çəkir. Badrinin hər tura təxminən 0,75 dəfə fərqləndiyi görünür.

Neaqanın və ya onun izləyicilərinin nəhs 13 rəqəmini keçməməsi isə çempionatların mütləq antirekordunun müəyyənləşməsiylə əlamətdar olacaq. Belə ki, indiyədək ən az qolla bombardir titulunu qazanan futbolçu məhz 13 dəfə fərqlənib. Bu 9 il əvvəl gerçəkləşib. Həmin vaxt 20 turluq mövsümü zirvədə bitirmək üçün Paşa Əliyevə cəmi 13 qol kifayət edib. Adrean həmin göstəricini arxada qoymaq üçün daha 4 dəfə fərqlənməyə borcludu. Lakin onun izləyiciləri də bombardir adına sahib ola bilər. Bu yarışda xeyli geri qalan Xaqani Məmmədovu da bombardirlər mübarizəsindən silmək olmaz. Cəmi 5 qol vurmasına baxmayaraq, 34 yaşlı forvardın sərgilədiyi məhsuldarlıq onu az qala favoritə çevirir. Yanvarda "Karvan"a keçdikdən sonra cari mövsüm meydana çıxmağa imkan tapan Xaqani keçirdiyi 5 qarşılaşmada elə eyni sayda qol vurub. Orta məhsuldarlığı vahidə bərabər olan Məmmədovun daha zəiflərin yer aldığı ikinci "altılıq"da qollarını sıralamasını da gözləməyə dəyər.

MURAD
“Ekspressfutbol” qəzeti
0