Fərhad Vəliyev: Biz bu seriyanı davam etdirməyə çalışacağıq
16.03.2010 - 15:36
Fərhad Vəliyev: Biz bu seriyanı davam etdirməyə çalışacağıq
“Sabah bizi çətin səfər oyunu gözləyir. “Xəzər-Lənkəran” “altılıq”dakı ilk oyununda qələbə qazanmaqla, liderliyə yüksəlib. Bu, onları gücündən xəbər verir”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun kapitanı Fərhad Vəliyev deyib.

Əsas kapitan Aslan Kərimov son vaxtlar heyətə düşmədiyindən, sarğını daşıyan 30 yaşlı qapıçı komandasını Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsində “Xəzər-Lənkəran”la cavab oyununa tam hazır sayır: “Görüşə ciddi hazırlaşmışıq. Üstəlik, ilk matçı 2:1 hesabı ilə udmuşuq. Bu, rəqib üzərində az da olsa, üstünlükdür. Çalışacağıq ki, üstünlüyü qoruyaraq, növbəti mərhələyə adlayaq. Təbii ki, bunun üçün qapıçıdan, yəni, məndən çox şey asılıdır. Əlimdən gələni edəcəyəm ki, qol buraxmayım. Elə bu yarımfinala çıxmağımıza kifayət edir. Hər halda, “Xəzər-Lənkəran”la son 5 oyunda biz üstün olmuşuq. Ya qalib gəlmişik, ya da matç heç-heçə bitib. Amma futbolda hər şey olur. Lakin biz bu seriyanı davam etdirməyə çalışacağıq”.

Unibank Premyer Liqasının final mərhələsinə uğursuz başladıqlarına təəssüflənən Fərhad “Bakı” ilə qarşılaşmanın artıq arxada qaldığını düşünür: “Həqiqətən də həmin gün çox zəif oynamışdıq. Lakin “Bakı”ya 0:2 hesabı ilə uduzduğumuz matçı unutmuşuq. Qarşıda bizi gərgin, həlledici matçlar gözləyir. Məğlub olduğumuz görüşü deyil, növbəti oyunları fikirləşməliyik. Çalışacağıq ki, həmin qarşılaşmalarda qalib gəlib liderliyə də yüksələk”.
0