“Qoy dava düşsün ki, çempionat maraqlı olsun”
15.03.2010 - 17:46
“Qoy dava düşsün ki, çempionat maraqlı olsun”
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Hakimlikdən qeyri-müəyyən müddətə uzaqlaşdırılmış futzal üzrə FİFA referisi Anar Niyazovun bağışlanması xəbərini necə qarşıladınız?
- Bir insan haqqında qərar çıxarılırsa, sonradan bu aydınlaşdırılır. Həmin səbəbkar günahını boynuna alırsa, mənə elə gəlir ki, onu bağışlamaq olar.

- Ancaq ötən ilin martında verdiyiniz müsahibədə bildirmişdiniz ki, Anar Niyazov və Babək Quliyevin ən azı 3 il müddətinə hakimliyə qayıtması qeyri-mümkündür. Bəs necə oldu ki, bu müsahibədən cəmi bir il sonra Niyazov hakimliyə qayıtdı?
- Anar Niyazov haqqında bütün araşdırmalar aparıldı, hansı günahları işlətdiyi məlum olduqdan sonra bağışlanmasına ehtiyac duyuldu.

- Niyazov hansı səhvləri buraxmışdı? Onun nöqsanları barədə indiyədək heç mətbuatda da yazı getməyib...
- Araşdırmaları PFL yox, AFFA Hakimlər Komitəsi aparıb.

- Yəni, sizin özünüzün də Niyazovun konkret hansı nöqsanlara yol verməyindən xəbəriniz yoxdur?
- Xeyr.

- Son bir həftədə “Olimpik-Şüvəlan” rəhbərliyi iki bəyanat yayaraq, PFL rəhbərliyini ittiham edib.
- “Olimpik-Şüvəlan” martın 20-də “Simurq”la oyunun təxirə salınmasını istəyirdi. Halbuki həmin gün təkcə “Olimpik-Şüvəlan” deyil, ümumilikdə 6 komandanın oyunu var. Əgər martın 20-də heyəti 90 faiz azərbaycanlılardan təşkil olunmuş “Turan” Sumqayıtda “Standard”la oynayıb qayıda bilirsə, həmçinin “Muğan” klubu Yevlaxda “Karvan”la görüşüb evə dönə bilirsə, deməli “Olimpik-Şüvəlan” da bunu bacarar. Bayram gününə yalnız “Olimpik-Şüvəlan”ın oyunu təyin edilsəydi, onlar matçı təxirə salmaqla bağlı müraciətlərində haqlı olardılar. Bir də ki, bayram günü dünyanın hansı ölkəsində futbol oynamırlar ki? Mandat məsələsinə isə çox aydınlıq gətirilib. Bu haqda danışmaq istəmirəm.

- PFL-lə “Olimpik-Şüvəlan”ın münasibətlərinin gərginləşməsinin əsl səbəbləri nədir?
- Münasibətlərimizdə heç bir gərginlik yoxdur. Bu gün iki dəfə “Olimpik-Şüvəlan”ın prezidenti Vaqif Qasımovla danışmışam. Aramızda soyuqluq yoxdur. Əksinə, bir-birimizə həm işlə bağlı, həm də işdən kənar məsələlərdə hörmətimiz var.

- Premyer Liqanın 10 komandalı 4 dövrəli sistem üzrə keçiriləcəyi barədə fikirlər səslənir.
- Bu barədə fikir bildirmək istəmirəm. Çox deyirdilər ki, “altılıq” sistemi özünü doğrultmadı, maraqsız oyunlar keçiriləcək. Hər şey əksinə oldu. Çempionatın birinci hissəsi ilə müqayisədə, “altılıq” qarşılaşmaları daha maraqlıdır.

- Ancaq fakt budur ki, mayda Premyer Liqanın reqlamenti AFFA İcraiyyə Komitəsi tərəfindən müzakirəyə çıxarılacaq. Bunu AFFA-nın son konfransında bildirdilər, siz özünüz də həmin tədbirdə iştirak edirdiniz.
- Nə dedilərsə, hamısını eşitdim. Hazırda “altılıq” sistemi məni razı salır.

- Hesab edirsiniz ki, formatı dəyişməyə ehtiyac yoxdur?
- Bu günə qədər yox.

- I divizionda vəziyyət heç də ürəkaçan deyil. Konkret “Anşad-Petrol” klubunun oyunları təxirə salınır. Neftçala təmsilçisinin birinci dövrədə 4, ikinci dövrədə isə 2 matçı təxirə salınıb.
- Bu, sponsorla bağlıdır. “Anşad-Petrol”un məsələsi tezliklə yoluna qoyulacaq.

- “Gəncə” komandasının da problemi var. Bu klub Premyer Liqada iştirak hüququ verən lisenziyanın alınması üçün sənədləri AFFA təqdim etməyib.
- Bundan da xəbərim var. Sənədlər verilir, köməklik göstərilir. Qalan işlər klub rəhbərliyindən asılıdır. “Gəncə” Premyer Liqada iştirak etmək istəyirsə, lisenziya almalıdır.

- Axır vaxtlar qalmaqalların da sayı artıb. “Şəfa” stadionunda öncə MOİK - “Bakılı”, daha sonra isə “Olimpik-Şüvəlan” - “Standard” matçında dava-dalaş olub. Belə problemlərin yaranması nə ilə əlaqədardır?
- Buna münasibətim çox yaxşıdır. Belə şeylər olmalıdır. Maraqlı, gərgin oyun gedirsə, orada dava da düşməlidir, azarkeşlər dalaşmalıdır, ortalıq qarışmalıdır. Oyunlar sakit keçəndə, deyirsiniz, çempionat sakitdir, maraqsızdır. Qoy dava düşsün ki, çempionat da maraqlı olsun. Bu qədər xarici çempionatlarda qalmaqal salırlar, tribunaları yandırırlar, onları heç pis qələmə verən yoxdur.

- Deməli, siz MOİK-in futbolçusunu döymüş “Bakılı”nın prezidenti Misir Əbilovu dəstəkləyirsiniz?
- Mən Misir Əbilovla danışdım, o dedi ki, heç nə eləməmişəm.

- Hadisənin canlı şahidi kimi deyə bilərik ki, Misir Əbilovun hərəkətlərinə heç xaricdə də rast gəlinmir.
- Orada olmusansa, buyur gəl, danış, mən də qulaq asım.

- Hər halda, həmin hadisənin necə baş verdiyini AFFA və PFL nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları da gördülər.
- Mən belə eşitmişəm ki, azarkeşlərlə oyunçu arasında mübahisə düşüb. Misir Əbilovun dava etməsi haqda mətbuatda oxumuşdum. Ancaq o özü and içir ki, heç nə eləməmişəm.
0