“Mahir təkbətək mübarizlərdə də pis deyil”
16.03.2010 - 13:43
“Mahir təkbətək mübarizlərdə də pis deyil”
Rusiyanın “Saturn” klubunda çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudovun apasport.az saytına müsahibəsi

- “Saturn”da işləriniz necə gedir?
- Yaxşıdır. Hələlik hər şeydən razıyam.

- Mövsümlərarası fasilədə əsas komandada hazırlıq keçsəniz də, yenə rəsmi oyunda əvəzedici heyətdə meydana çıxdınız...
- Mənə deyirlər ki, əvəzedici komandada oyna. Əvəzedici heyətdə oynamağımda heç bir qorxulu şey yoxdur.

- Özünüzü əsas komandada, Rusiya Premyer Liqasında oynamağa hazır sayırsınız?
- Tam yox. Hələlik mənim üçün tez olduğundan əvəzedicilərin çempionatında oynamaq məsləhətdir. Bu, mənə böyük oyun praktikası qazandırır. Əsas komandada məşq etsəm də, oynamaq üçün yüksək səviyyədə deyiləm.

- Heç olmasa, cari mövsümdə bunun reallaşacağına ümid edirsiniz?
- Şansım var. Özü də böyük. Ancaq hələlik gözləməliyəm. Digər futbolçular məndən güclüdürlər.

- “Saturn”da təcrübəli futbolçuların sayı çox olduğu üçün əsas heyətə düşməyiniz çətin olacaq...
- Doğrudur. Həqiqətən də bu baxımdan işim heç də asan olmayacaq. Onlar ağıllı futbolçulardır. Mənim mövqeyimdə çoxlu təcrübəli futbolçular var.

- Yalnız oyun praktikasını düşünsəniz, əvəzedicilərdə oynamaq tələblərinizə cavab verir?
- Bəli. Mən əvəzedici komandada daim oynayıram və bundan razıyam. Hər şey normaldır. Əsas odur ki, oynayıram. Hələ ki əvəzedici heyətdə çıxış edib, təcrübə yığıram. Sonra elə alınar ki, əsas komandanın heyətində meydana çıxaram.

- Əvəzedici komanda, yaxud Azərbaycan Premyer Liqası arasında seçim etməli olsanız, hansına üstünlük verərdiniz?
- Gənc olduğumu nəzərə alsaq, hələ ki Rusiyada əvəzedici komandada oynamaq daha yaxşıdır. Çünki hesab edirəm ki, indi başqa komandaya keçməyim lazım deyil. Burda oynamaq məni qane edir.

- Qış fasiləsində “Xəzər-Lənkəran”ı Türkiyədə 1:0 hesabı ilə məğlub etdiyiniz yoxlama oyununda qələbə topunu vurdunuz. Bundan sonra Azərbaycan futbolu haqda maraqlanırsınız?
- Bəli. Tez-tez də olmasa, hər halda, baxıram. Azərbaycan Premyer Liqasında komandaların çıxışını izləyirəm. Milli komanda, gənclər, digər aşağı yaş qruplarından ibarət yığmalarla maraqlanıram. Orada dostlarım var. Azərbaycanın yeniyetmələrdən ibarət yığmalara cəlb olunduğum vaxtda onlarla əlaqələrim yaranıb.

- Son vaxtlar yığmamızdan dəvət almısınızmı?
- İndi yığma ilə bağlı suala cavab vermək istəmirəm. Buna sonra qərar verəcəyəm.

- Rusiya vətəndaşı olsanız da, milliyətcə azərbaycanlısınız, Azərbaycanda doğulmusunuz. Buna görə sizə qarşı ayrı-seçkilik edilirmi? Bəlkə bu səbəbdən kölgədə qalırsınız və oynamamağınızda problem elə budur?
- Yox, bu baxımdan heç bir problemlə üzləşməmişəm. Hər halda, indi Rusiya vətəndaşıyam və mənə normal münasibət göstərilir. Bəlkə başqa cür olsaydı, fərqli münasibətlə üzləşərdim. Əslində, indi futbolçunun milliyyətinə baxmırlar.

- Maraqlıdır, komandanızda Azərbaycan futbolu haqda nə danışırlar? Sizdən bu haqda nəsə soruşublar?
- İndi bunun vaxtı deyil. Rusiyada yeni çempionat başlayıb. Bütün diqqət az öncə startı verilən mövsümə yönəlib. Oyunları udmaq lazımdır və indi bunu daha çox düşünürlər.

- Rusiya Premyer Liqasında azərbaycanlı futbolçunun oynadığını bilirsiniz?
- “Anji”də oynayan var. Bundan əlavə, “Rubin”in Azar Abdullayevi transfer etmək istədiyini eşitmişəm. Ancaq bilmirəm, keçid baş tutub, ya yox.

- Xeyr baş tutmayıb. Bəs, “Anji”də oynayan futbolçumuzun adını bilirsiniz?
- Bilirəm ki, qış fasiləsində bu komandaya keçib. Ancaq adı indi yadımda çıxıb.

- Mahir Şükürovdur.
- Bəli-bəli, yadıma düşdü. Mahirlə şəxsi tanışlığım olmasa da, Azərbaycan milli komandasının əsas futbolçularından olduğunu bilirəm. Rusiya yığması ilə rəsmi görüşdə onun oyunu görmüşəm.

- Şükürovun oyunu xoşunuza gəlib?
- Bəli. Meydanda yaxşı mübarizə aparır. Təkbətək mübarizlərdə də pis deyil.

- Rusiya Premyer Liqasında Mahirə qarşı oynamaq istərdinizmi?
- (gülür) Mən Rusiya Premyer Liqasında istənilən komandaya qarşı oynamaq istəyirəm. Kimə qarşı oynamağım mənim üçün böyük fərqi etmir.

- Sizcə, “Saturn” “Anji”dən güclüdür?
- Bəli. Mən belə düşünürəm.

- Moskvada xeyli azərbaycanlı yaşayır. Onlar stadionlara oyununa baxmağa gəlirlərmi?
- Bir-iki nəfər olur. Bu da nadir hallarda. Bəlkə çox az adam bilir ki, mən azərbaycanlıyam. Elə düşünürlər ki, Moskvada doğulmuşam. Oyundan sonra məndə belə bir şey olmayıb ki, azərbaycanlı azarkeşlə ünsiyyət qurum. Moskvada azərbaycanlılar çoxdur. Ancaq onları elə də qınamıram. Həmyerlilərim burada işləyirlər. Ailələrini dolandırmaq lazımdır. İndi onlar futbolun marağında deyillər. İnsan üçün ilk növbədə ailənin dolanmasıdır.
0