Bernd Ştork Azərbaycan yığmasından asılı vəziyyətə düşüb
16.03.2010 - 14:29
Bernd Ştork Azərbaycan yığmasından asılı vəziyyətə düşüb
Qazaxıstan milli komandasının baş məşqçisi Bernd Ştork Azərbaycan yığmasından asılı vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyası alman çalışdırıcının qarşısında şərt qoyub. Belə ki, Ştork Avro-2012-nin seçmə mərhələsində 3 xal qazanmasa, istefaya göndəriləcək. QFF milli komandanın nəticəsinin qeyri-qənaətbəxş olarsa, alman mütəxəssislə müqavilənin uzadılmayacağını rəsmən bəyan edib.

Qazaxıstan yığması qarşıda duran əsas vəzifəni, yəni Avro-2016-nin final mərhələsini çıxmağı 6 il sonra yerinə yetirməlidir. Əks təqdirdə, QFF rəhbərliyi istefaya gedəcəklərini vəd ediblər. Qurumun baş katibi Sayan Xamitcanov bunu düzgün addım sayır: “Niyə də gəncləşmə ilə bağlı belə kurs götürməyək. Uşaqlar həmin vaxta yetkin futbolçular olacaq. Onların hamısı bu vəzifəni yerinə yetirəcək. Təsəvvür edin ki, gənc futbolçularımızın həmin vaxta necə təcrübəsi olacaq?”

Qeyd edək ki, qazaxlar milli komandamızla oyunlarını gələn il keçirəcək. İndiyədək Avro-2008-də milli komandamızla bir qrupda yer alan Qazaxıstan yığması qələbə qazana bilməyib, hər iki görüş 1:1 hesabı ilə nəticələnib. Bu iki yığma yenə qrup autsayderləri sayılır və Ştork əsasən həmyerlisi Berti Foqtsun çalışdığı komanda ilə oyunlarda qələbəyə, xal ehtiyatını artırmağa ümid edir.
0