“Everton” Araz Abdullayev üçün “Neftçi”yə rəsmi müraciət göndərdi!
16.03.2010 - 15:20
“Everton” Araz Abdullayev üçün “Neftçi”yə rəsmi müraciət göndərdi!
İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” Araz Abdullayevin transferi ilə bağlı Bakının “Neftçi” klubuna rəsmi müraciət edib. Bu haqda apasport.az saytına “Neftçi” komandasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, Liverpul təmsilçisinin beynəlxalq əlaqələr və futbol əməliyyatları katibliyinin rəhbəri Devid Harrisonun adından prezident Sadıq Sadıqova məktub gəlib.

“Everton” milli komandamızın 18 yaşlı futbolçusunun xidmətində maraqlı olduğunu rəsmən təsdiqləyib: “Everton” bizə rəsmi müraciətində Arazı gələcək karyerasında onun heyətində davam etdirməkdə maraqlı olduğunu bildirib. İngilislər xahiş edir ki, bununla bağlı onlara yaxın vaxtda cavab verək. Bildiyiniz kimi, Arazın 21 yaşlılardan ibarət yığmamızın heyətində Şotlandiya ilə rəsmi oyununu “Everton”un menecerləri izləyib. Futbolçularımızın qol vurduğu həmin görüşdə çıxışı onların xoşuna gəlib. Hətta “Everton”un baş məşqçisi Devid Moyzesə də Abdullayev haqda məlumat verilib. O da futbolçumuzun keçidində maraqlıdır. Klub rəhbərliyi yaxın günlərdə Arazın məsələsini nəzərdən keçirib, “Everton”a cavab verəcək və bununla bağlı mətbuata rəsmi açıqlama verəcəyəik”.

Qeyd edək ki, Rusiyanın ikiqat çempionu “Rubin” də Arazla müqavilə bağlamaq istəyir.
0