Azərbaycan kubokunda onuncu əcnəbilər
18.03.2010 - 00:04
Azərbaycan kubokunda onuncu əcnəbilər
Azərbaycan kubokunun yarımfinal mərhələsinə əcnəbi mütəxəssislərin rəhbərlik etdiyi iki komanda vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, 1/4 final səddini adlayan “Bakı” və “İnter” klublarının çalışdırıcıları ölkəmizdə ilk dəfə 4 ən güclü sırasına çıxıb. Paytaxtın eyni adlı təmsilçisi Bülənt Korkmazın, “bankirlər” isə Kaxaber Sxadadzenin rəhbərliyi altında baş məşqçilərinin yarımfinalda debüt etməsinə şərait yaradıb. Korkmaz ölkəmizdəki, onun gürcü həmkarı isə “İnter”dəki debüt mövsümündə buna nail olub.

Ümumilikdə, artıq 6 ildir yarımfinallar legioner məşqçilərsiz baş tutmur. Bu müddətdə 10 dəfə gəlmələrin komandası finalın bir addımlığında olub. Yalnız Valentin Xodukin iki dəfə yarımfinal həyəcanı yaşayıb. Onun iki dəfə finala çıxardığı “İnter” 4-cü dəfədir əcnəbinin rəhbərliyi altında 4 ən yaxşı sırasına yüksəlir. Bunlardan üçü ardıcıl qeydə alınır.

Maraqlıdır ki, ötən ilki yarımfinalların ənənəsi davam etdirilib. “Bakı” və “İnter” yenə əcnəbinin, lakin yeni çalışdırıcısının rəhbərliyi altında bu mərhələyə yüksəlib. Korkmaz Rasim Karadan sonra ikinci türkiyəli mütəxəssisdir ki, Azərbaycan kubokunda bu qədər irəliləyir. Sxadadze isə buna nail olan ilk gürcü kimi tarixə düşdü.

Qeyd edək ki, yarımfinal həyəcanı yaşamış əcnəbilərdən Xodukin 2, Nakoneçnı və Konkov 1 dəfə finala yüksəlsə də, kuboku həmişə yerlilər qazanıb.

Əcnəbi mütəxəssislər yarımfinalda

2004/05
Anatoli Konkov (“İnter”), Rasim Kara (“Xəzər-Lənkəran”)

2005/06
Viktor Pasulko (“Xəzər-Lənkəran”)

2006/07
İqor Nakoneçnı (“MKT-Araz”)

2007/08
Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”)

2008/09
Valentin Xodukin (“İnter”), Qyoko Hacıyevski (“Bakı”)

2009/10
Bülənt Korkmaz (“Bakı”), Kaxaber Sxadadze (“İnter”)
0