Mahir Şükürov: İnanmıram ki, başıma belə bir iş gəlsin
18.03.2010 - 09:33
Mahir Şükürov: İnanmıram ki, başıma belə bir iş gəlsin
Rusiyanın “Anji” klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- “Anji”də işləriniz necə gedir?
- Nalçik “Spartak”ı ilə oyundan sonra səhhətimdə bir az problem yaranıb. Mahaçqalada son günlərdə güclü yağış yağır, soyuqlamışam.

- Məşqlərə çıxırsınız, yoxsa?
- Çıxıram. Hazırlıq baxımından problemim yoxdur.

- Baş məşqçiniz Omari Tetradzenin istefası ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Tetradze iki gündür məşqlərə çıxmırdı. Bu müddətdə komandanı hazırlığını onun köməkçiləri keçirdi. Tetradze bu gün (dünən-red) gəlib bizimlə görüşdü və dedi ki, mən gedirəm. O, öz istəyi ilə vəzifəsini tərk edib. Tetradzenin otağında oldum və onunla ayrıca söhbətləşdim. Amma aramızda olan söhbətləri sizə deyə bilməyəcəyəm.

- Tetradzenin ilk turdan sonra səbəbsiz istefa verməz...
- Yəqin ki, hansısa səbəb var. Mən bunu bilirəm, ancaq deyə bilmərəm. Gərək buna görə məni bağışlayasınız.

- Onun futbolçulara son sözü nə oldu? Heç olmasa, məsələnin rəsmi tərəfini deyə bilərsiniz?
- Tetradze gedişinin səbəbi ilə bağlı heç kəsə rəsmi məlumat vermədi. Bunu köməkçiləri, özü və bir də mən bilirəm. Sağ olsun, Tetradze ilə münasibətlərimiz çox yaxşıdır. Bir futbolçu, insan kimi bir-birimizə hörmət edirik. Mənə deyirdi ki, qapım sənin üzünə həmişə açıqdır. İstəyir gecə saat 3-4 olsun, gəl, qapımı heç döymə, gir içəri. Mən də gedib, onunla görüşdüm, xeyli danışdıq. Tetradze mənə hamısını başa saldı. Baş məşqçinin qərarı var, buna hörmətlə yanaşıram. Ancaq mən də daxil olmaqla, heç kim onun gedişini istəmirdi. Tetradzenin komandada qalmasını istəyirik. Ancaq baş məşqçi qərarını dəyişməsinin mümkün olmadığını söylədi. Bizə dedi ki, siz qarışmayın, bu, mənim öz işimdir.

- Artıq onun istefasını qəbul olunmuş saymaq olar?
- Bəli. Tetradzenin istefasını neçə gündür qəbul olunmurdu. Rəhbərlik onu getməyə qoymurdu. Ancaq axır ki son qərar verildi.

- Bu, “Anji”nin sabiq baş məşqçisi Hacı Hacıyevdir, yoxsa başqa namizədlər var?
- Başqa namizədləri deyə bilmərəm, Hacı Hacıyevin adını çəkirlər.

- Sizin qışda “Anji”yə transferinizin təşəbbüskarı məhz Tetradze olduğunu nəzərə alsaq, onun tez gedişinə ən çox siz məyus olmalısınız...
- Tək mən yox, futbolçuların hamısı üzülüblər. Çünki Tetradzenin getməsini heç kim istəmirdi. Baş məşqçinin belə addım atmasına görə futbolçuların hamısı şokdadır. O demək olar 4 ildir “Anji”ni çalışdırırdı. Hamı onu, baş məşqçi də bütün futbolçuları yaxşı tanıyırdı. Düzdür, komandada yeni olsam da, mənə də pis təsir etdi. Çünki yeni baş məşqçi gələndə ona uyğunlaşmaq lazımdır. İndiki vəziyyətlə barışmamalıyam. Bundan sonra öz üzərimdə daha çox çalışmalıyam. Əsas heyətdə yerini itirmək istəmirəm. Məqsədim mövsümün sonuna kimi öz oyunumla start heyətdə yer almağa layiq olduğumu sübut etməkdir. İnşallah, yeni baş məşqçimiz gəlir. 2 gün sonra da “Amkar”la səfər oyunumuz var.

- Xaricdə oynayan futbolçularımızda ehtiyatda qalmaqla tez-tez problemlər olur. Özü də xüsusilə baş məşqçi dəyişikliyindən sonra. Yəni o, yeni futbolçular gətirə, siz isə əvvəlki çalışdırıcının kadrı kimi kənarda qala bilərsiniz. Halbuki yığmanın üzvü kimi oynamalısınız. Bütün bunlar sizi qorxutmur ki?
- Gələcəkdə belə problemin yaranmasına özüm imkan verməməliyəm. Yerimdə dayanmamalı, daha çox hazırlaşmalıyam. Burda mənim tək baş məşqçi yox, prezidentdən tutmuş hamı ilə münasibətim yaxşıdır. “Anji”də hamı məndən razıdır. Yeni baş məşqçi də oyunumuza baxacaq. Düzdür, hadisələrin belə axar olması bir az ağırdır. Yeni baş məşqçi ilə dil tapmaq lazımdır. İnşallah, məncə, yaxşı olar. Doğrudur, əsas heyətdə oynayan futbolçu ehtiyata atılandan sonra özünü bir az pis hiss edir. Ancaq inanmıram ki, mənim başıma belə bir iş gəlsin.

- “Anji”nin tarixində ən yaxşı baş məşqçi olan Hacı Hacıyev futbol ictimaiyyətimizə də yaxşı tanışdır. Onun bir sıra məşqçilərimizlə əlaqələri, futbolçularımızdan, elə “Anji”də onun rəhbərliyi altında oynayan olub. Bütün bunları bilirsiniz?
- Bəli. Bu haqda məlumatım var. Amma onun necə məşqçi olduğunu deyə bilmərəm. Çünki Hacı Hacıyevlə heç vaxt işləməmişəm, məşqlərini görməmişəm. İnşallah, işləyəndən sonra bilinəcək. Ancaq deyirlər ki, Hacıyev tələbkar məşqçidir. Məşqlərində nizam-intizamı sevir. Futbolçuların onun tapşırıqlarını tam yerinə yetirməsini tələb edir.

- Növbəti turda biz vaxtlar sizinlə maraqlanan “Amkar”ın qonağı olacaqsınız. Necə hesab edirsiniz ki, yeni baş məşqçiyə vaxt lazım olması komandaya, nəticəyə mənfi təsir edəcəkmi?
- Əlbəttə, təsir edəcək. Ona görə ki, yeni baş məşqçi fasilə, təlim-məşq vaxtında gəlsəydi, öz taktikasını yerinə yetirə, futbolçular buna alışa bilərdi. Ancaq artıq ilk turdan sonra baş məşqçinin getməyi çox pis oldu. Bu, bütün kollektivə təsir edir. Yeni çalışdırıcı gələndə istər-istəməz komandanı taktikası üzərində işləmir, öz taktikasını yetirmək istəyir. İndi komandamızda vəziyyət həqiqətən də çox ağırdır. Bu, bugünkü məşqdə də hiss olunurdu. Futbolçularımız həvəssiz, yarımcan çalışır, ürəklə məşq etmirdilər. Bu da baş məşqçinin getməsini istəməməkləri ilə bağlıdır. Qarşıda çətin oyunlarımız var. “Amkar”la oyundan sonra Mahaçqalaya qayıdıb, Moskva MOİK-i ilə görüşəcəyik. Allah kömək eləsin ki, bu pis vəziyyətdən çıxaq, hər şey yaxşı olsun. Allah eləməsin ki, uduzaq, onda vəziyyətimiz lap pis olar.

- Sizi transfer edən baş məşqçinin gedişindən sonra “Anji”yə keçidinizə görə haradasa peşmanlıq varmı?
- Yox. Allaha qurban olum, bu addımı atmışam, geriyə yol yoxdur. Daha da irəliləmək lazımdır. Uzun fasilədən sonra Rusiya Premyer Liqasında mənim simamda azərbaycanlı futbolçu debüt etdi. Bu, bütün futbolsevərlərimizə xoş oldu. Bütün problemləri kənara qoyub, mənə azarkeş edənlərin ümidlərini doğrultmağa çalışacağam. Sabah bir iş olsa, yenidən geri qayıtsam, camaat deyəcək ki, getdi, yenə qaçdı gəldi. Bütün diqqətimi burada qalıb, uğurlu çıxış etməyə yönəltmişəm. İnşallah, sizləri daha çox sevindirməliyəm.

- Klub rəhbərliyi bu çətin vəziyyətdə maddi baxımdan sizi stimullaşdırırmı? Azərbaycanla müqayisədə məvacib, mükafat baxımından fərq çoxdurmu?
- Bəli. Sizə onu deyə bilərəm ki, buradakı klubların, hətta ən zəifinin büdcəsi Azərbaycandakılardan böyükdür. Nəticədə Rusiyada ölkəmizdəki futbolçulardan çox məvacib alır. Bura gələndən sonra hər şeyi bildim. Burda az maaş alan futbolçu yoxdur. Ona görə də Rusiyada zəif komanda yoxdur. Ən az Azərbaycanda futbolçular məvacib alır. Burda maaş, mükafat, şəraitdə, hər şey yüksək səviyyədədir. Debütant “Anji”də belədirsə, görün, böyük komandalarda bu baxımdan vəziyyət necədir? Onda “Lokomotiv”, “Spartak”, “Dinamo”, MOİK, “Zenit” “Rubin” kimi klublarda lap dəhşətdir.

- Mahirin bu iki ayda Rusiyada qazancı nə qədərdir?
- Konkret məbləği deyə bilmərəm, hər halda, fərq çoxdur.

- İlk turda “Spartak”la oyunda heç-heçəyə görə sizə mükafat veriblərmi?
- Hələ yox. Çünki son vaxtlar baş qarışıqdır. İnşallah, yaxın günlərdə bu məsələni həll edib, mükafatımızı verməlidirlər.
0