Məşhur məşqçi Dik Advokat Azərbaycana gələsi olmadı
18.03.2010 - 10:31
Məşhur məşqçi Dik Advokat Azərbaycana gələsi olmadı
Tanınmış hollandiyalı mütəxəssis Dik Advokatın Azərbaycana gəlişi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, 63 yaşlı çalışdırıcı Avro-2012-nin seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi postunu tərk etməyi qətiləşdirib. Rusiyaya qayıtmağa üstünlük verən Advokatın bu ölkənin əsas yığmasına rəhbərlik etmək məsələsi praktiki olaraq, həllini tapıb. Advokat Rusiya milli komandasını Türkiyəyə dəyişən həmyerlisi Qus Hiddinki əvəzləyəcək.

Rusiya Futbol İttifaqının (RFİ) əsas namizədi olan təcrübəli mütəxəssis Belçika yığması ilə yanaşı, paralel çalışdırdığı Hollandiyanın “Alkmar” klubundan da ayrılacaq. Klubla müqaviləni uzatmaq niyyətində olmayan Advokat iş qrafikinin sıxlığından gileylənib: “Mən klub futbolunda qalmaq istəmirəm. Bəli, oyunsuz qala bilmərəm. Ancaq həftədə 7 gün işləmək, kluba səhər saat 9-da gəlmək artıq gücüm daxilimdə deyil”.

RFİ məsələnin formal tərəfini yaxın günlərdə həll etdikdən sonra təyinatı rəsmən açıqlayacaq. Belçika Futbol Assosiasiyası ilə 2012-ci ilin yanvarına qədər müqaviləsi olan Advokat ildə 500 min avrodan bir qədər çox məvacib alırdı. Ancaq müqavilə mütəxəssisin başqa komandaya gedişinə əngəl olmayacaq. Düzdür, ruslar Advokatı yığmalarının sükanı arxasına gətirmək üçün təxminən 1 milyon avro təzminat ödəməlidir ki, bu da belçikalılarla müqavilədə nəzərdə tutulan bir bənddir.

Qeyd edək ki, Advokat Rusiyanın “Zenit” klubunda uğurlu fəaliyyəti ilə yadda qalıb. Sankt-Peterburq təmsilçisi onun rəhbərliyi altında tarixində ilk dəfə ölkə çempionluğu, UEFA kuboku və UEFA Superkubokunu qazanıb.
0