Omari Tetradze istefasının səbəbini və xələfinin adını açıqladı
18.03.2010 - 11:30
Omari Tetradze istefasının səbəbini və xələfinin adını açıqladı
Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze istefasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son günlər gündəmdə olan gürcüstanlı çalışdırıcı gedişinin səbəbi ilə bağlı rəsmi açıqlama verib.

Həmyerlimiz Mahir Şükürov da daxil olmaqla bütün futbolçularla görüşərək, onlara gördükləri işə görə minnətdarlıq edən Tetradze ailə üçün darıxdığını bildirib: “Əsas məsələ ailəmlə bağlıdır. Başa düşün, çox yorulmuşam. Daim təlim-məşq toplanışları, məşqlər, oyunlar üzündən doğmalarımı, həyat yoldaşımı, qızımı demək olar görmürəm. Bu vəziyyət məni heç qane etmir. Onu qeyd etmək istəyirəm ki, kim nə düşünür-düşünsün, ailə “Anji”dən gedişimin yeganə səbəbidir. Bu, mənim qərarım, təşəbbüsümdür. Klub prezidenti gedişimə razı olmasa da, sonda məni başa düşdü və güzəştə gedərək, istefamı qəbul etdi. Artıq “Anji”nin baş məşqçisi deyiləm. Bu gün Moskvaya, oradan Tiflisə, ailəmin yanına gedirəm”.

Tetradze xələfinin kim olacağını da bildiyini söyləyib: “Əlbəttə, bu haqda məlumatım var. Baş məşqçi postunda mənim əvəzimə Hacı Hacıyev yer alacaq. Hər şey həll olunub. O, artıq yoldadır, Mahaçqalaya gəlir”.
0