“Allahverdiyev məni meydançada da, tuneldə də təhqir etdi”
18.03.2010 - 12:46
“Allahverdiyev məni meydançada da, tuneldə də təhqir etdi”
FİFA referisi Vüsal Əliyevin apasport.az saytına müsahibəsi

- Dünən ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Xəzər-Lənkəran” - “Qarabağ” oyununda baş hakim funksiyasını yerinə yetirdiniz. Bu matçda idarəçiliyinizdən razı qaldınızmı?
- Nə problem var ki?

- Məsələ burasındadır ki, “Qarabağ” futbolçuları sizdən kəskin narazılıq edirdilər. Onlar xüsusilə ikinci qırmızı vərəqə göstərməyinizi haqsız qərar sayırdılar.
- Biz oyunu komandaların narazılıqları yox, qaydalar əsasında idarə edirik. Rəşad Sadiqov rəqibin ayağına arxadan bilərəkdən zərbə vurdu. Rəqibi arxadan bilərəkdən vurmaq qırmızı vərəqə deməkdir. Mənim gözümün qabağında oldu. Onun topa oynamaq fikri yox idi. Rəşad Sadiqovun məqsədi rəqibi arxadan vurmaq idi. Epizodu gördüm və düzgün qərar çıxardım.

- Deyəsən, “Qarabağ”ın üzvləri buna etiraz olaraq, oyunu davam etdirmək istəmirdilər.
- Yox, elə şey yox idi.

- Konkret Rəşad Sadıqov meydançanı tərk etmişdi, artıq texniki zonada idi. Halbuki futbolçu oyun zamanı hakimlərin icazəsi olmadan meydançanı tərk edə bilməz.
- Bilmirəm orda nə baş verib. Sadəcə, onlar etiraz etdilər ki, bu da qaydaları bilməməkdən irəli gəlir. Əsas vəzifəm hakimlik etmək idi. Mən funksiyamı yerimə yetirmişəm, kim razı, kim narazı qalıbsa, bu artıq mənim işim deyil. Təbii ki, qırmızı vərəqə alan komanda narazı olmalıdır. Mənim üçün “Qarabağ”, yoxsa “Xəzər-Lənkəran”ın qalib gəlməsinin fərqi yoxdur.

- “Qarabağ”ın birinci qırmızı vərəqə alan oyunçusu Elnur Allahverdiyev də etirazını bildirib. Hətta onun sizi təhqir etdiyi də söylənilir. O, həqiqətən də ünvanınıza təhqiramiz ifadələr işlədib?
- Bəli, o məni təhqir edib və bunu matçın protokolunda qeyd etmişəm. Elnur qarşılaşmanın lap əvvəlindən özünü meydançada pis aparırdı. Ona dəfələrlə dedim ki, “Elnur düzgün oyna, futbol oyna”. 45-ci və 65-ci etdiyi hərəkətləri göstərə bilərəm. Qardaş, qayda var, qanun var. Sarı vərəqə göstərməli idim, onu da etmişəm. Mən neyləməliyəm ki? Oyun qaydaları ilə hakimlik etmişəm, Elnur təhqiramiz ifadələr işlədib, bunu da protokola yazmışam. Heç kimin hakimləri təhqir etmək haqqı yoxdur. İkinci sarı vərəqəni göstərdim, o, meydandan çıxa-çıxa məni təhqir etdi. Sonra tuneldə də ünvanıma təhqiramiz sözlər söylədi.

- Bəs oyundan sonra “Qarabağ” rəsmilərindən kimsə yaxınlaşıb irad bildirmədi?
- Mənə heç kim heç nə deməyib.
0