“Qarabağ”a “yox” cavabı
18.03.2010 - 12:52
“Qarabağ”a “yox” cavabı
Ağdamın “Qarabağ” klubu Unibank Premyer Liqasının final mərhələsindəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyib. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, təklif “6-lıq” mərhələsinin startı ərəfəsində “Qarabağ” rəhbərliyi tərəfindən gəlib. Lakin Ağdam klubuna mənfi cavab verilib: “Mən “Bakı” və “Neftçi” komandalarının da stadionumuzdan ev arenası kimi yararlandıqlarını bildirərək, “Qarabağ”a razılıq vermədim. Həm də inanmıram ki, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi bir meydançadan 3 klubun yararlanmasına icazə verərdi”.

Qeyd edək ki, “Qarabağ” Unibank Premyer Liqasının ilk 2 dövrəsi ərzində ev oyunlarını keçirdiyi Quzanlı Olimpiya Kompleksinin stadionunu təmirə bağlayıb. Buna görə də “Qarabağ” final mərhələsinin ilk turunda “Bakı” ilə nəzərdə tutulan görüşdə yerdəyişmə edib. Yəni, ev sahibi “Qarabağ” yox, “Bakı” olub. Əvəzində Ağdam komandası paytaxt klubunu final mərhələsinin ikinci dövrəsində qəbul edəcək. Akif İsmayılov “Qarabağ”ı “Neftçi”yə görə Respublika stadionuna buraxmasa da, “flaqman”ın “Bakı”nı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcəyi məlum olub.
0