“Dmitri Kruqlov “Neftçi” klubunda yaxşı çıxışı ilə cığıraçan olub”
18.03.2010 - 13:09
“Dmitri Kruqlov “Neftçi” klubunda yaxşı çıxışı ilə cığıraçan olub”
Estoniya Futbol İttifaqı (EFİ) Azərbaycanda xeyli futbolçusunun çıxış etməsini yüksək qiymətləndirib. Ölkədən kənarda oynayan legionerlərinin sayına görə Azərbaycanın Norveçdən sonra 2-ci yerdə olması estonlar üçün gözlənilməz hal hesab olunub.

Apasport.az saytının məlumatına görə, hazırda ölkəmizdə 4 estoniyalı futbolçu çıxış edir və bunların hamısı milli komandanın üzvləridir. Söhbət “Neftçi”də oynayan Dmitri Kruqlov, Taavi Rahn, Vladimir Voskoboynikov və “Xəzər-Lənkəran”lı Tixon Şişovdan gedir. Hazırda estonların vətəndən kənarda oynayan 33 futbolçusu var ki, bu da mütləq rekord sayılır. Yəni, həmin ölkənin indiyə kimi xaricdə heç vaxt bu qədər futbolçusu olmayıb.

Azərbaycandakı legionerləri ilə bağlı məsələyə toxunan eston menecer Tarmo Lexiste Kruqlovun əməyini xüsusilə qeyd edib: “Azərbaycanda ilk olaraq bu futbolçu qərarlaşdı. Özü də təsadüfən. Kruqlov yaxşı oynadığı üçün orada qapılar digər estonların da üzünə açıldı. Azərbaycan klublarının maddi vəziyyəti kifayət qədər yaxşıdır. Onlar özləri futbolçular arasında yığma üzvlərini axtarırlar”.

EFİ-nin prezidenti Ayvar Poxlyak da futbolçularının ölkəmizdə uğurlu çıxışına biganə qalmayıb. Norveç və Azərbaycan haqda danışan prezident də Kruqlovu tərifləyib. Onun fikrincə, Dmitri “Neftçi”də yaxşı oyunu ilə cığıraçan olub: “Futbolçulardan biri haradasa qərarlaşanda digərlərinə ora düşmək asan olur. Norveç bizim üçün kifayət qədər münasibdir. Estoniyalı futbolçular orada oynamaq üçün texniki baxımdan kifayət qədər hazırdır. Onların döyüş ruhu norveçlilər kimi yüksəkdir. Bundan əlavə, biz mədəniyyət baxımdan da uyğun gəlirik”.

Qeyd edək ki, Kruqlov 2007-ci ilin qışından “Neftçi”də çıxış edir. Rahn ötən yay, Voskobokoynikov isə qışda onun yayına gəlib. Şişov da “Xəzər-Lənkəran”a qış fasiləsində transfer olunub.
0