Rəşad Sadiqov: O, həmin vaxt nə etdiyini özü də bilmirdi
18.03.2010 - 17:37
Rəşad Sadiqov: O, həmin vaxt nə etdiyini özü də bilmirdi
“Xəzər-Lənkəran”la oyunda mənə göstərilən qırmızı vərəqə düzgün deyildi. Mən belə ağır cəzaya layiq deyildim”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”la “Qarabağ” klubları arasında cavab oyununu idarə edən Vüsal Əliyev 87-ci dəqiqədə Sadiqova birbaşa qırmızı vərəqə göstərib. Milli komandamızın da üzvü olan 27 yaşlı yarımmüdafiəçi FİFA referisinin qərarını ədalətsiz sayır: “Mənim heç vaxt hakimlərlə problemim, insidentim olmayıb. Nə vaxt sarı vərəqə göstəriblər, buna razı olmuşam. Ancaq “Qarabağ”la görüşdə haqsız yerə meydandan çıxarıldığım üçün buna kəskin etirazım etdim. Həmin epizodda qırmızı vərəqənin heç yeri yox idi. Bu, meydanın mərkəzində adi oyun epizodu, cərimə zərbəsi idi. Bunu təkcə mən desəydim, özümü müdafiə etdiyimi söyləyərdilər. Ancaq qərarın düzgün olmadığını başqaları da deyir. Vüsal Əliyevin səhv qərar çıxardığını hamı gördü”.

40 yaşlı FİFA hakimi qərarının düzgün olmasını oyun qaydaları ilə əsaslandırıb. Yəni rəqibə arxadan bilərəkdən zərbə vuran futbolçuya birbaşa qırmızı vərəqə göstərilməlidir. Rəşad qaydaların hər zaman tətbiq olunmasını vacib sayır: “Baş hakim “Xəzər-Lənkəran”ın futbolçusu İvan Pexanın Georgi Adamiyaya qarşı meydanın mərkəzində etdiyi aşkar kobudluğa görə niyə yalnız sarı vərəqə göstərdi? Rəqib futbolçumuza iki ayaqla kobudluq etdi, təhlükəli əks-hücumumuzun qarşısını aldı. Əlbəttə, Vüsal Əliyev belə deyər. O, özünü müdafiə etmək naminə hər bir söz deyəcək. Özü də baş hakim həmin vaxt artıq bir futbolçumuza qırmızı vərəqə göstərdiyini, meydanda 10 nəfərlə qaldığımızı nəzərə almalı idi. Elnur Allahverdiyevin meydandan çıxardığı epizodla bağlı baş hakimə iradım yoxdur. Həmin epizodda Elnur rəqibə qarşı bir az sərt oynamışdı. Ancaq mənim epizodumda “qırmızı”ya lüzum olmadığını baş məşqçimiz, rəhbərlik də dedi. Bu, onların da gözü qabağında oldu. Mənə dedilər ki, sənlik bir şey yoxdur, həmin epizodda qırmızı vərəqə göstərilməməli idi”.

Komandasını azlıqda qoymasına üzülən Rəşad çoxları kimi, Əliyevin ona sarı vərəqə göstərəcəyini zənn edirmiş: “Baş hakim əvvəlcə sarı vərəqəni yarıya kimi qaldırdı, sonra qırmızı göstərdi. Mən əvvəl elə başa düşdüm ki, Vüsal Əliyev ikinci sarı vərəqəmin olduğunu düşünərək, məni meydandan çıxarır. Buna qədər “sarı” almadığımı ona başa salmağa başladım, öz etirazımı bildirdim. Ancaq Əliyev sonradan qərarını belə əsaslandırdı ki, mənə birbaşa qırmızı vərəqə göstərmək istəyirdi. O, həmin vaxt nə etdiyini özü də bilmirdi. Mən başa düşmürəm, ona FİFA rerefisi dərəcəsini kim verib? Əlbəttə, FİFA referisi belə səhv etməməlidir. Beynəlxalq oyunda belə xətaya yol versə, onu qovarlar, növbəti oyuna buraxmazlar”.

Qeyd edək ki, Əliyev 2006-cı ildən FİFA referisi dərəcəsinə malikdir.
0